Blinken və Lemmi Qəzzada İsrailin təhlükəsizliyini və atəşkəs rejimini dəstəkləyiblər
ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi İsrailin təhlükəsizliyinə və Qəzza zolağında davamlı atəşkəsə nail olmağa sadiq olduqlarını təsdiqləyiblər.
Bu barədə ABŞ-Böyük Britaniya Strateji Dialoqunun yekunları üzrə diplomatların birgə bəyanatında deyilir.
Dialoq zamanı Blinken və Lemmi İsrailin təhlükəsizliyini dəstəklədiklərini və regionda “sülh və iki dövlətli həll yolunda irəliləyiş perspektivlərini sarsıda biləcək” hər hansı gərginləşdirici hərəkətlərin qarşısının alınmasının vacibliyini vurğuladılar.
Bəyanatda həmçinin qeyd olunur ki, diplomatlar Qəzza zolağında humanitar vəziyyəti müzakirə ediblər və “münaqişənin bütün tərəflərini mülki insanları qorumağa, İsraili isə yardım axınını asanlaşdırmağa” çağırıblar. Eyni zamanda, onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən birinci mərhələsinin uğurlu hesab edildiyi hazırkı poliomielit peyvəndi kampaniyasını alqışladılar.
Lemmi "Birləşmiş Ştatların, Misirin və Qətərin Qəzza zolağında atəşkəsin təmin edilməsi və girovların azad edilməsi üçün vasitəçilik səylərinə Böyük Britaniyanın açıq dəstəyini ifadə edib".
Oxuməni.az