İordaniyadan olan silahlı 3 israillini öldürüb
İordaniyadan olan silahlı şəxs İordan çayının qərb sahilindəki Allenbi körpüsü sərhəd-keçid məntəqəsində üç dinc israillini öldürüb. O, İsrail təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
Bu barədə “Reuters” xəbər verir.
İsrail rəsmilərinin bildirdiyinə görə, hücum İsrailin nəzarəti altında olan və Qərbi İordaniyaya daxil olan yük maşınlarının boşaldıldığı kommersiya yük bölgəsində baş verib. Kral Hüseyn körpüsü kimi tanınan keçid Ölü dənizin şimalında Əmman və Qüds arasında yerləşir.
Hücumu İordaniyanın cənubundakı nüfuzlu Huveytat qəbiləsindən olan 39 yaşlı yük maşını sürücüsü həyata keçirib. Daha sonra İordaniya Daxili İşlər Nazirliyi onun İordaniyanın cənubundakı Maan əyalətinin Hüseyniyyə rayonunun sakini Maher Ziab Hüseyn əl-Cazi olduğunu müəyyən edib.
"Terrorçu yük maşını ilə İordaniyadan Allenbi körpüsü ərazisinə yaxınlaşıb, maşından düşüb və körpüdə işləyən İsrail təhlükəsizlik qüvvələrinə atəş açıb", - İsrail ordusu bildirib.
Agentlik xatırladır ki, İordaniyada anti-İsrail əhval-ruhiyyəsi güclüdür, ona görə də yüzlərlə insan paytaxt Əmmanın küçələrinə çıxaraq atəş açan şəxsin Qəzza müharibəsində minlərlə fələstinlinin qisasını aldığını deyib.
Oxuməni.az