İran hakimiyyəti paytaxtı cənuba köçürməyi planlaşdırır
İran prezidenti Məsud Pezeşkian deyib ki, İran rəhbərliyinin ölkənin siyasi və iqtisadi mərkəzlərini respublikanın cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürməkdən başqa çarəsi yoxdur.
İranın “Fars” xəbər agentliyi Pezeşkiandan sitat gətirib: “Ölkənin paytaxtı olaraq, Tehran paytaxt mərkəzini köçürməkdən başqa çarəmiz olmayan problemlərlə üz-üzədir”.
O qeyd edib ki, ilk növbədə, iqtisadi səbəblərə görə Tehranı paytaxt kimi saxlamaqda davam etmək qeyri-mümkün olur.
“Mövcud tendensiyanı davam etdirməklə ölkəni inkişaf etdirmək mümkün deyil. Əgər biz cənubdan və dənizdən Tehrana ehtiyatlar gətirmək, sonra onları məhsula çevirərək yenidən ixrac üçün cənuba göndərmək istəyiriksə, bu, daha da bizim rəqabətimizi azaldacaq ”, - deyə o əlavə edib.
Eyni zamanda o, yeni paytaxt mərkəzi seçildikdən sonra bütün dövlət idarələrinin ora köçürüləcəyini, bundan sonra Tehran sakinlərinə respublikanın yeni paytaxtına köçmək imkanı veriləcəyini vurğulayıb.
“RBC”-nin məlumatına görə, bu, İran hakimiyyətinin paytaxtın köçürülməsi barədə fikirlərinin olması ilk dəfə deyil , birinci dəfə belə bir ideya məhz prezident Mahmud Əhmədinejad hökuməti (2005 – 2013 illər) zamanında qaldırılıb. 2013-cü ilin yanvarında İslam Şurası siyasi və inzibati paytaxtın Tehrandan köçürülməsi planını təsdiqləyib.
Almaz Həsənli