Düşənbədə vəzifəli şəxs həbs edilib

Düşənbədə vəzifəli şəxs həbs edilib

2 Avqust 20:15
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistanda Fəlsəfə İnstitutunun Siyasi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Əkbərşo İskəndərov həbs edilib. Bu barədə “Asia Plus” Milli Elmlər Akademiyasının Fəlsəfə, Politologiya və Hüquq İnstitutunun direktoru Nozim Məhmədizodaya istinadən məlumat yayıb.

Avqustun 1-də keçirdiyi mətbuat konfransında Məhmədizoda bildirib ki, 73 yaşlı İskəndərov barəsində cinayət işi açılıb, o, təxminən iki ay əvvəl dindirilmək üçün çağırılıb və həbs edilib.

“Cinayət işi gizlidir. Ona görə də əlavə məlumatımız yoxdur. Çalışırıq ki, istintaq prosesinə qarışmayaq”, - deyə institut direktoru vurğulayıb.

Dağlıq Bədəxşan Muxtar Vilayətinin Darvaz rayonundan olan Əkbərşo İskəndərovun saxlanılması ilə bağlı ilk xəbərlər iyunun 21-də yayılıb.

İskəndərov Tacikistan Demokratik Partiyasının keçmiş sədri Səidcəfər Usmonzodanın hakimiyyətin zorakılıqla ələ keçirilməsi işi üzrə həbs edildiyi gündən, iyunun 14-dən işdə olmayıb. Həmçinin keçmiş xarici işlər naziri Hamroxon Zərifi, Demokratlar Partiyasının sədr müavini Əhmədşoh Komilzoda və Tacikistan Sosial Demokrat Partiyasının sədr müavini Şokirjon Hakimov da saxlanılıb.

Oxuməni.az