RF XİN Cənubi Qafqazda bütün aktual məsələləri regional dövlətlərin həll etməli olduğundan əmindir

RF XİN Cənubi Qafqazda bütün aktual məsələləri regional dövlətlərin həll etməli olduğundan əmindir

7 İyun 18:23
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva hesab edir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası anti-Rusiya, anti-Azərbaycan və anti-İran vəzifələrini həll edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.

“Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri getdikcə daha aydın görünür. NATO ölkələri onlara qoşulmağa başlayandan sonra hər şey, həm də mənə elə gəlir ki, hamıya aydın oldu. Biz Aİ-nin bu cür təşəbbüslərindən hərbi-siyasi vəziyyətin sabitliyinin pozulmasından və regionun başqa bir geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləməməliyik”, - deyə Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, indi Cənubi Qafqazda insanlar arasında humanitar ünsiyyət, iqtisadi inkişaf, sabitliyin regional gündəliyə daxil edilməsi və möhkəmləndirilməsi üçün imkanların açılması şansı var.

“Bu istiqamətdə işlərə başlanılıb və öz nəticəsini verməkdədir. Elə buradaca bu regionu sabitlik, sülh və təhlükəsizlik bölgəsi kimi görməyən Qərbin narazılığı başladı. Ona görə də bu missiya meydana çıxdı”, - deyə diplomat qeyd edib.

Zaxarova əmin olduğunu bildirib ki, bu gün Cənubi Qafqazın üzləşdiyi bütün aktual məsələlər kənar müdaxilə olmadan region dövlətlərinin kollektiv səyləri əsasında həll edilməlidir və edilə bilər.