Uduşun səhv olduğunu deyən lotereya məhkəməyə verilib

Uduşun səhv olduğunu deyən lotereya məhkəməyə verilib

21 Fevral 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Çeks, "Powerball" lotereya nömrələrinin 2023-cü ilin yanvarında biletinə uyğun gəldiyini görəndə, sevincindən az qala ürəyinin dayandığını söyləyib, lakin o, biletini Lotereyalar və Oyunlar Ofisinə (OLG) təqdim edəndə onlar ona uduşunu ödəməkdən imtina ediblər.
"Agentlərdən biri mənə biletimin udmadığını və onu sadəcə zibil qutusuna atmağımı söylədi" dedi.
Çeks isə bu məsləhətə əməl etməyib, əvəzində bileti saxlayıb və vəkil tapıb. İndi o, lotereyadan "Powerball" cekpotuna bərabər zərər, üstəlik hər gün ondan alacağı faizi , cəmi 340 milyon dollar tələb edir.

Məhkəmə sənədlərinə görə, "Powerball" və lotereyanın podratçısı Vaşinqtonda yerləşən "Taoti Enterprises", qarışıqlığın texniki səhv səbəbindən baş verdiyini iddia edir.

Məhkəmə ərizəsində şirkət işçisi deyib ki, 6 yanvar 2023-cü ildə Çeks biletini aldığı gün keyfiyyətə nəzarət qrupu saytda sınaqlar aparıblar. Məhkəmə sənədlərinə görə, həmin gün sayt “təsadüfən” Çeks-in nömrələrinə uyğun gələn bir sıra "Powerball" test nömrələrini yerləşdirib. Bu nömrələr üç gün ərzində, yanvarın 9-na qədər saytda qalıb.
"Taoti" şirkətinin əməkdaşının dediyinə görə, saytda yerləşdirilən nömrələr son lotereya tirajı zamanı çəkilmiş nömrələrlə üst-üstə düşmür.
Nə "Powerball", nə də "Taoti" yerli mətbuatın şərh sorğularına cavab verməyib.
Çeks müqavilənin pozulması, səhlənkarlıq, emosional gərginlik və fırıldaqçılıq da daxil olmaqla səkkiz ayrı maddə üzrə iddia qaldırıb. Onun vəkili Riçard Evans bildirib ki, qalib nömrələr Çeks-in biletinə uyğun gəldiyi üçün o, "bütün cekpotu" almaq hüququna malikdir. Əks halda, Evans iddia edir ki, onun müştərisi lotereyanın səhv nömrələrinin yerləşdirilməsində "kobud səhlənkarlığa" görə zərərin ödənilməsi hüququna malikdir.

İş üzrə növbəti məhkəmə prosesi fevralın 23-nə təyin edilib.
Çeks və ya başqa birinin cekpotu qazanma ehtimalı olduqca kiçikdir , təxminən 292,2 milyonda bir. Müqayisə üçün, Milli Meteoroloji Xidmətin məlumatına görə, bir ildə insanı ildırım vurma ehtimalı 1,22 milyonda 1-dir.

Oxuməni.az