Fevralın 23-də ABŞ  Rusiyaya qarşı “böyük sanksiyalar paketi”ni elan edəcək

Fevralın 23-də ABŞ Rusiyaya qarşı “böyük sanksiyalar paketi”ni elan edəcək

21 Fevral 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Cümə günü, fevralın 23-də ABŞ müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Prezident Baydenin göstərişi ilə biz bu cümə günü Rusiyaya qarşı Navalnının başına gələnlərə görə böyük sanksiyalar paketini elan edəcəyik", - Ağ Ev sözçüsü bildirib.

O, bu paketin təfərrüatlarını açıqlamayıb, lakin bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ikinci ildönümünə təsadüf edir.

Xatırladaq ki, Federal Penitensiar Xidmət fevralın 16-da günorta saatlarında Navalnının Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsinin 3 saylı islah koloniyasında ölməsi barədə məlumat yayıb. Avropa ölkələrində buna görə məsuliyyət Rusiya hakimiyyətinin və şəxsən Putinin üzərinə qoyulmuşdu.

ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdən keçirir.

Avropa Birliyi də bu işə qarışanlara qarşı sanksiyalar tətbiq edəcəyini vəd edir.

Oxuməni.az