Hakimiyyət orqanları miqrantlara taksidə işləməyi qadağan edib
Kuzbassda 2024-cü il yanvarın 1-dən miqrantların bir neçə sahədə işləməyə cəlb edilməsinə qadağa qüvvəyə minəcək. Müvafiq qərarı Kemerovo vilayətinin qubernatoru. səlahiyyətlərini icra edən İlya Seredyuk imzalayıb.
Sənədə əsasən, sahibkarlıq subyektlərinə əmək patenti olan əcnəbi vətəndaşları uşaq qidası və pəhriz qida məhsullarının istehsalı sahəsində işə cəlb etmək qadağan edilir. Həmçinin belə işçilərin taksi sürücüsü və avtomobil icarəsi, mehmanxana sənayesi, işə qəbul və kadr seçimi, bütün səviyyələrdə təhsil, ümumi və xüsusi tibbi praktika, kosmetologiya və digər sahələrdə işləməyə cəlb edilməsi qadağandır.
Rayon müəssisələrinə işlərini qərarın tələblərinə uyğunlaşdırmaq üçün üç ay vaxt verilir.
Yerli KİV-in məlumatına görə, hazırda Kuzbassda ümumilikdə 8 minə yaxın miqrant patent üzərində işləyir.
Əvvəllər xarici vətəndaşlar üçün oxşar qadağalar Kurqan, Maqadan və Tula vilayətlərinin rəhbərliyi tərəfindən tətbiq edilib. Noyabrın əvvəlində Çelyabinsk vilayətində əcnəbilərin taksi və avtobus sürməsinə qoyulan qadağa 2024-cü ilə qədər uzadılıb. Eyni məhdudiyyət Tümen vilayətində də tətbiq olunur.
Ötən ilin payızında “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironovun başçılıq etdiyi bir qrup deputat xarici vətəndaşların məktəb, taksi və tibb müəssisələrində işləməsini qadağan edən qanun layihəsini Dövlət Dumasına təqdim edib. Sənəd Dumanın məlumat bazasında yerləşdirilib. Təşəbbüs müəllifləri hesab edirlər ki, bu qanun layihəsinin həyata keçirilməsi Rusiya Federasiyası vətəndaşlarını əlavə iş yerləri ilə təmin edəcək. Onlar həmçinin miqrantların iştirakı ilə baş verən yol qəzalarının, o cümlədən ölüm hallarının artdığını qeyd ediblər.
Oxuməni.az