Argentinada islahatlar planına qarşı etiraz aksiyaları keçirilir

Argentinada islahatlar planına qarşı etiraz aksiyaları keçirilir

28 Dekabr 2023 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Minlərlə argentinalı Buenos-Ayresin mərkəzində yeni prezident Xavyer Mileyin təklif etdiyi islahatlar planına qarşı etiraz aksiyaları keçirir.

Etirazçılar arasında Ümumi Əmək Konfederasiyası və Argentina İşçilərin Mərkəzi Konfederasiyası kimi həmkarlar ittifaqlarının üzvləri, eləcə də ictimai, siyasi və insan haqları təşkilatları var. Mitinq iştirakçıları “Hüquqlar olmadan demokratiya yoxdur” və “Vətən və işçilər satılmır” sözləri yazılmış plakatlarla küçələrə çıxıblar.

Etirazçılar yeni prezidentin təklif etdiyi zərurilik və təcili fərmanına (el decreto de necesidad y urgencia, DNU) qarşı çıxırlar. Buraya 300-dən çox islahat, o cümlədən dövlət şirkətlərinin özəlləşdirilməsinə mane olan qaydaların aradan qaldırılması, daşınmaz əmlakın icarəsi, turizm xidmətləri və peyk rabitəsi xidmətləri sahəsində yeni tənzimləyici qaydalar, ixrac məhdudiyyətlərinə qadağalar daxildir.

CNN Español xəbər verir ki, Argentina Ümumi Əmək Konfederasiyasının üzvləri Mileyin islahatlarını "qeyri-konstitusiya" hesab edir. Onların bəyanatında deyilir ki, DNU dövlətin tam hakimiyyətini qanuni yolla qəsb etməyə cəhd edərək konstitusiya quruluşunu pozmaq istəyir.

Miley özü parlamentin islahat planını dəstəkləməkdən imtina edəcəyi təqdirdə referendumun keçirilməsini təklif edir. La Nacion yazır ki, qanuna görə, icra hakimiyyətinin təyin etdiyi referendum hüquqi qüvvəyə malik deyil.