Avropa İttifaqı  Ukraynaya 20 milyard avro yardım ayırmağa imkan verəcək mexanizm hazırlayır

Avropa İttifaqı Ukraynaya 20 milyard avro yardım ayırmağa imkan verəcək mexanizm hazırlayır

27 Dekabr 2023 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı üzv ölkələrin zəmanəti altında borc vəsaitləri götürməklə Ukraynaya 20 milyard avro yardım ayırmağa imkan verəcək mexanizm hazırlayır. Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bu mexanizmdən istifadə etməklə Aİ ölkələri Macarıstanın Ukraynaya 50 milyard avro məbləğində yardıma veto qoymasını dörd il müddətinə keçməyi planlaşdırır. Nəşrin mənbələrinə görə, Aİ ölkələri ümumi büdcə üçün maliyyə təminatlarını öz üzərinə götürəcək. Bu, Avropa Komissiyasına Ukraynaya kömək etmək üçün kapital bazarlarından lazımi məbləğdə borc almağa imkan verəcək. Oxşar mexanizm artıq koronavirus pandemiyası zamanı üzv ölkələrə 100 milyard avro yardım ayırmaq üçün istifadə edilib.

Belə bir mexanizm Aİ-yə üzv olan bütün ölkələrin razılığını tələb etmir - qərarı kredit reytinqi yüksək olan ölkələr verəcək. Almaniya və Hollandiya kimi bəzi ölkələrdə bunu etmək üçün parlamentin icazəsi alınmalıdır.

Digər variant kimi Aİ səlahiyyətliləri Ukraynaya ucuz qısamüddətli kreditlər verməyi nəzərdən keçirir. Bu sxemə əsasən, Ukrayna 2023-cü ildə artıq 18 milyard avro alıb.

Eyni zamanda, qəzetin mənbələrinə görə, üzv ölkələr üçün prioritet Ukraynaya 50 milyard avro məbləğində yardımın razılaşdırılmasıdır.

Oxuməni.az