Misir Qəzza zolağında üç mərhələli nizamlanma planı təklif edib

Misir Qəzza zolağında üç mərhələli nizamlanma planı təklif edib

25 Dekabr 2023 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Misir hakimiyyəti İsrailə və Fələstinin radikal HƏMAS hərəkatına Qəzza zolağı ilə bağlı münaqişənin həlli üçün üç mərhələdən ibarət plan təklif edib. Bu barədə mənbələrə istinadən “Asharq News” telekanalı məlumat yayıb.

Planın birinci mərhələsi Fələstin anklavında uzadılma imkanı ilə iki həftəlik humanitar atəşkəsin tətbiqini nəzərdə tutur. Humanitar fasilə zamanı HƏMAS 40 israilli girovu, o cümlədən qadınlar və uşaqlar, həmçinin qocaları azad etməli olacaq. Bunun müqabilində İsrail yəhudi dövlətinin həbsxanalarında saxlanılan 120 fələstinli qadın və uşağı azad edəcək, hərbi əməliyyatları dayandıracaq, tankları geri çəkəcək və Qəzza zolağına əlavə qida və dərman təchizatı verəcək.

İkinci mərhələ Fələstin rəhbərliyindəki parçalanmanın aradan qaldırılması və texnokratlar hökumətinin formalaşdırılması üçün Misirin vasitəçiliyi ilə Fələstin milli dialoqunun başlamasını nəzərdə tutur. Misir tərəfinin bildirdiyinə görə, yeni hökumət humanitar yardımın göstərilməsi və Qəzza zolağının yenidən qurulması ilə məşğul olacaq, həmçinin Fələstində prezident və parlament seçkilərinin keçirilməsi üçün zəmin hazırlayacaq.

Üçüncü mərhələdə Qəzza zolağında tam və hərtərəfli atəşkəs rejiminin tətbiqi planlaşdırılır. Bundan əlavə, HƏMAS, Fələstin İslami Cihad hərəkatı və anklavda fəaliyyət göstərən digər qruplaşmalar bütün İsrail hərbçilərini azad edəcəklər. Razılaşma çərçivəsində tərəflər oktyabrın 7-dən sonra həbs edilənlər də daxil olmaqla, İsrail tərəfindən azad ediləcək fələstinli məhbusların sayını müəyyən edəcəklər. Son mərhələ həmçinin İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını və məcburi köçkünlərin Qəzza şəhərinə və anklavın şimal ərazilərinə qayıtmasını əhatə edir.

Oxuməni.az