İsveçrə qışda Ukraynaya maliyyə yardımını artıracaq

İsveçrə qışda Ukraynaya maliyyə yardımını artıracaq

21 Dekabr 2023 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə özünü Rusiyanın təcavüzündən qoruyan Ukraynaya 11,8 milyon İsveçrə frankı (təxminən 13,66 milyon dollar) məbləğində əlavə yardım planlaşdırıb. Bu barədə dekabrın 20-də İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Vəsaitlər soyuq qışda Ukrayna sakinlərinə kömək etmək üçün nəzərdə tutulub.

"İsveçrə Federal Hökuməti soyuq havada Ukrayna əhalisini dəstəkləyir, məqsədyönlü tədbirlər görür və əlavə olaraq 11,8 milyon İsveçrə frankı ayırır. Beləliklə, qışa yardım tədbirlərinə ümumi sərmayə təxminən 26 milyon frank təşkil edib", - məlumatda deyilir.

Maliyyə yardımı Rusiyanın atəşi nəticəsində dağılan ukraynalıların mənzillərinin təmirinə kömək edən və onları yanacaq ehtiyatları ilə təmin edən ictimai təşkilatlara veriləcək. Bundan əlavə, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi 1,8 milyon İsveçrə frankı (təxminən 2 milyon dollar) ianə edərək, BMT-nin Ukrayna üzrə Humanitar Fonduna əlavə töhfə verib.

Həmçinin, qışa yardım proqramının dəstəklənməsi çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi məcburi köçkünlər və Rusiyanın təcavüzündən zərər çəkmiş Ukrayna ərazilərində yaşayan vətəndaşlar üçün 3 milyon İsveçrə frankı (təxminən 3,5 milyon dollar) ayıracaq.

Oxuməni.az