Yəmən husiləri Qırmızı dənizdə gəmilərə hücumları davam etdirəcəklərini vəd ediblər
Yəmən husiləri ABŞ-ın bölgədə gəmiçiliklə bağlı təhdidlərlə mübarizə üçün beynəlxalq əməliyyata başladığını elan etmək qərarına baxmayaraq, Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəklərini vəd ediblər.
Bu barədə Bloomberg yazır.
Husilər həmçinin Vaşinqtona xəbərdarlıq ediblər ki, ABŞ onların hərbi bazalarına hücum edərsə, cavab tədbirləri görməyə hazırdırlar.
Husilərin lideri Əbdülməlik əl-Husi deyib: “Əgər Birləşmiş Ştatlar Yəmənə hücum etsə, biz Amerika döyüş gəmiləri və digər gəmilərinə raket və pilotsuz təyyarələr vuraraq zərbə endirərik.
Birləşmiş Ştatlar qlobal ticarətin təxminən 12%-ni təşkil edən Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş dəniz müdafiə qüvvələrini gücləndirmək üçün Qərb və Ərəb müttəfiqləri ilə işlədiyini bildirib.
Xatırladaq ki, dekabrın 18-də Pentaqonun rəhbəri Lloyd Ostin Yaxın Şərqə səfəri zamanı Ənsar Allah hərəkatının Yəmən husilərinin təhdidləri ilə mübarizə üçün “Prosperity Guardian” beynəlxalq əməliyyatını elan etmişdi.
Əvvəllər iri gəmi daşıyıcıları husilərin hücumu səbəbindən Qırmızı dənizdə hərəkəti dayandırmışdı.
Oxuməni.az