ÜST Qəzzanı gözləyən "daha dəhşətli fəlakət" barədə xəbərdarlıq edib

ÜST Qəzzanı gözləyən "daha dəhşətli fəlakət" barədə xəbərdarlıq edib

6 Dekabr 2023 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzzada mülki əhalinin vəziyyəti hər saat pisləşir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail ordusunun anklavda həyata keçirdiyi bir sıra güclü hava hücumlarından sonra bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin ərazisi üzrə nümayəndəsi Dr. Rik Piperkorn Qəzzadan videobağlantı vasitəsilə Cenevrədə jurnalistlərə verdiyi açıqlamada, "Cənub bölgələri, Xan Yunis və hətta Rəfah da daxil olmaqla, hər yerdə bombalanma intensivləşir" dedi. O, həmçinin qeyd edib ki, son bir neçə gündə öz həyatlarından qorxaraq evlərini kütləvi şəkildə tərk edən, hazırda sektorun mərkəzi hissəsində yaşayan məcburi köçkünlərin sayı xeyli artıb.

BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndəsi Ceyms Elder öz növbəsində hərbçiləri mülki şəxslərin müdafiəsi üçün bütün mümkün tədbirləri görməyə məcbur edən beynəlxalq humanitar hüququ xatırladıb. Onun sözlərinə görə, birtərəfli qaydada mülki şəxslərin “təhlükəsiz zonalar adlanan ərazilərə” getməli olduğunu bəyan etmək yolverilməzdir, halbuki söhbət əslində su, işıq və kanalizasiya sistemi olmayan bərbad vəziyyətdə olan binalardan gedir.

"Bir ərazinin bombalanmaması onun təhlükəsiz zona hesab oluna biləcəyi demək deyil" dedi James Elder.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 3-4-də azı 349 fələstinli həlak olub, 750 nəfər isə yaralanıb. İsrail mənbələri eyni müddət ərzində üç İsrail əsgərinin öldürüldüyünü bildirir.

Oxuməni.az