İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib

İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib

1 Dekabr 2023 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail və HƏMAS arasında noyabrın 24-dən qüvvədə olan və müvafiq olaraq 27 və 29 noyabrda iki dəfə uzadılan atəşkəsin müddəti başa çatıb, CNN xəbər verir.

İsrail Müdafiə Qüvvələri dekabrın 1-i səhər Qəzza zolağında hərbi əməliyyatları bərpa etdiyini açıqlayıb.

“Həmas əməliyyat fasiləsini pozdu və əlavə olaraq İsrail ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatı HƏMAS-a qarşı döyüşləri bərpa edib. İsrail ordusunun döyüşçüləri Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə zərbələr endirib. Təfərrüatlar daha sonra veriləcək”, - İsrail departamenti Telegram-da yazıb.

Atəşkəs razılaşması ötən cümə günü qüvvəyə minib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə buna nail olunub. Razılaşma Qəzza zolağına humanitar yardımın çatdırılmasını və “bir girov üçün üç məhbus” formuluna əsasən israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini əhatə edirdi. İlkin razılaşmada dörd günlük atəşkəs nəzərdə tutulurdu, sonra razılaşma daha iki gün, daha sonra isə bir gün uzadıldı.

Atəşkəsin hər əlavə gününün şərti daha on nəfər girovun qaytarılması idi.

Ümumilikdə, atəşkəs başlayandan bəri HƏMAS-ın 90-a yaxın girovu və İsrail həbsxanalarından 180-dən çox məhbus azad edilib.

Oxuməni.az