Rusiya ilə Çin arasında yeganə strateji dəmir yolu Buryatiyada partladılıb

Rusiya ilə Çin arasında yeganə strateji dəmir yolu Buryatiyada partladılıb

30 Noyabr 2023 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Severomuysky tuneli Rusiya ilə Çin arasında dəmir yolu əlaqəsinin yeganə marşrutudur.
Noyabrın 30-na keçən gecə Buryatiyanın Baykal-Amur magistral xəttində yük qatarı hərəkət edərkən partlayışlar baş verib. Bildirilir ki, hadisə Rusiya Federasiyası ilə Çin arasında yeganə ciddi dəmir yolu əlaqə marşrutunu iflic edən SBU-nun uğurlu əməliyyatı olub.

Bu barədə “RBC-Ukrayna” nəşri öz mənbələrinə istinadən yazır.

Mənbələrin məlumatına görə, partlayış Severomuyski tunelində baş verib.

"Əslində bu, Rusiya Federasiyası ilə Çin arasında yeganə ciddi dəmir yolu əlaqəsi marşrutudur. İndi isə Rusiyanın hərbi təchizat da daxil olmaqla istifadə etdiyi bu marşrut iflic olub", - nəşrin həmsöhbətləri bildiriblər.

Onların sözlərinə görə, partlayış SBU-nun növbəti uğurlu xüsusi əməliyyatıdır. Kəşfiyyat xidmətindən hələ ki, rəsmi şərh yoxdur.

Yük qatarı hərəkət edərkən dörd partlayıcı qurğunun işə düşdüyü bildirilir. FSB hadisə yerindədir və dəmiryol işçiləri uğursuzluqla təxribatın nəticələrini minimuma endirməyə çalışırlar.

Öz növbəsində Rusiyanın teleqram kanalları kabel şəbəkəsində baş verən qısaqapanma nəticəsində yanacaq çəninin alov aldığını yazır. Ümumilikdə, aviasiya yanacağı da daxil olmaqla, 44 belə çən, həmçinin qara metal olan altı vaqon var idi. Hadisə nəticəsində itki olmadığı, lakin 3 vaqona ziyan dəydiyi bildirilir.

Oxuməni.az