Avropa İttifaqı Moldova və Gürcüstanın ərazilərinin bir hissəsi olmadan Aİ-yə daxil olmasına icazə verir
Avropa İttifaqı Moldova və Gürcüstanın Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan Aİ-yə qəbulu imkanlarını nəzərdən keçirə bilər.
Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Rusiya nəşrlərinə müsahibəsində bildirib.
"Gürcüstan və Moldovanın Avropa gələcəyi münaqişələrin girovuna çevrilə bilməz. Bu, Aİ-nin ən yüksək səviyyəsində də təsdiqlənib", - Stano bildirib.
O əlavə edib ki, Avropa İttifaqı Moldova və Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
Xatırladaq ki, noyabrın 8-də Avropa Komissiyası rəsmi olaraq Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə etmişdi.
Bundan əvvəl Moldova Prezidenti Maia Sandu bildirib ki, Kişinyovun yaxın illərdə Dnestryanı üzərində nəzarəti bərpa etmək şansı ola bilər və Kişinyov bundan yararlanmaq niyyətindədir, lakin reinteqrasiya üçün yeganə məqbul yol yalnız dinc variant ola bilər. Əgər bu baş verməsə, o zaman prezidentin sözlərinə görə, Moldova Dnestryanı olmadan da Avropa İttifaqına daxil olmağa hazır olacaq.
Bu arada Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Aİ 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdır.
Oxuməni.az


















































































