ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlara çağırır
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən keçirdiyi brifinqdə bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında danışıqları asanlaşdırmağa hazırdır.
“Biz hər iki ölkənin rəhbərliyi ilə əlaqələri davam etdiririk və layiqli və davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğumuzu bildiririk. Ermənistan və Azərbaycanın birbaşa olaraq regionun rifahı naminə problemləri müzakirə və həll etməsi vacibdir. Biz bu danışıqları asanlaşdırmağa hazırıq. Biz digər ölkələrin də bu prosesdə öz rollarını təklif etdiyini görmüşük. Biz inanırıq ki, hər iki ölkənin davamlı razılaşma əldə etmək üçün birbaşa danışıqlar aparması vacibdir. Biz əvvəlki kimi bu danışıqları asanlaşdırmağa hazırıq və digər ölkələrin bu cür səylərini alqışlayırıq”, - Miller bildirib.
Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən imtina edib. Azərbaycan Xarici İşlər Nazirliyi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin əsassız bəyanatlarına cavab olaraq bəyan edib ki, “belə birtərəfli yanaşma ABŞ-ın öz vasitəçi rolunu itirməsinə gətirib çıxara bilər. Qeyd etmək vacibdir ki, bu şərtlər daxilində biz 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşün keçirilməsini mümkün hesab etmirik”.
Oxuməni.az



















































































