Finlandiya və Almaniya üçüncü ölkələrdən gələn miqrant axınında Rusiyanı günahlandırıb
Son günlər Rusiyadan Finlandiyaya üçüncü ölkələrdən onlarla miqrant axıb. Helsinki bunu Kremlin Finlandiyanın ABŞ-la müdafiə əməkdaşlığına görə “qisası” hesab edir.
Bu barədə “The Guardian” qəzeti yazır. Nəşr bildirir ki, bu versiyanı Finlandiya prezidenti Sauli Niinistö səsləndirib.
"Biz bilirik ki, sərhədə yaxın olan Rusiya sərhəd orqanları gələnlərə kömək edir",- deyə Niinistö Bonnda keçirdiyi mətbuat konfransında bildirib.
Finlandiya Sərhəd Mühafizəsi son günlər ölkənin cənub-şərqindəki sərhəd keçid məntəqələrinə gələn sığınacaq axtaranların sayında davamlı artım olduğunu bildirib. Baxmayaraq ki, rus sərhədçiləri adətən insanların etibarlı Aİ vizası olmadan Finlandiyaya daxil olmasına icazə vermirlər. Dünən, noyabrın 15-i saat 18:00-a qədər sığınacaq axtaranların sayı 74, çərşənbə axşamı 55, bazar ertəsi isə 39 olub.
Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova Niinistonun bəyanatını “tamamilə əsassız” adlandırıb.
Qeyd edək ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer də Rusiyanı Qərb ölkələrində vəziyyətin sabitliyini pozmaq üçün qaçqınların sərhədləri keçməsinə qəsdən kömək etməkdə ittiham edib, DW yazır.
Ştaynmayer qeyd edib ki, son vaxtlar qaçqınların Mərkəzi Avropaya, məsələn, Qərbi Balkanlar vasitəsilə çatdığı adi marşrutlarla yanaşı, xüsusən də Rusiyadan Belarus və Polşadan keçməklə Almaniyaya sərhədi keçmə halları tez-tez baş verir.
Xatırladaq ki, Finlandiya bu yaxınlarda Rusiyadan müvafiq sənədləri olmadan velosipedlə ölkəyə gələn əcnəbilərin axınına cavab olaraq insanların velosipedlə sərhədi keçməsini qadağan etmişdi.
Oxuməni.az


















































































