Fransa və Qazaxıstan strateji faydalı qazıntılar üzrə əməkdaşlıq haqqında razılığa gəliblər

Fransa və Qazaxıstan strateji faydalı qazıntılar üzrə əməkdaşlıq haqqında razılığa gəliblər

2 Noyabr 2023 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa prezidenti Emmanuel Makron və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev uranın da daxil olduğu strateji faydalı qazıntılar üzrə əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Fransa prezidentinin səfəri zamanı ümumilikdə altı saziş imzalanıb, Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər verir.

Qazaxıstan Prezidenti qeyd edib ki, görüşdə ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilib və bu, “bugünkü çətin geosiyasi və geoiqtisadi vəziyyətdə xüsusilə vacibdir”. Görüşdə əldə olunan bütün razılaşmaların icrasını sürətləndirmək üçün Tokayev işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Qasım-Jomart Tokayev Fransanın Qazaxıstanın mühüm tərəfdaşı olduğunu deyib və bu il iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu vurğulayıb.

“Bu ilin 8 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 21% artaraq 2,7 milyard dollara çatıb”, - Tokayev bildirib.

O, həmçinin qeyd edib ki, Fransa Qazaxıstanın ən böyük investorları sırasındadır. “Son 15 ildə Fransadan Qazaxıstana 18,7 milyard dollara yaxın investisiya cəlb olunub”, - prezident deyib.

Fransa prezidentinin səfəri zamanı tərəflər həmçinin külək elektrik stansiyasının birgə tikintisi və dəmir yolu avadanlıqlarına texniki xidmət göstərilməsi barədə razılığa gəliblər. Həmçinin dabaq xəstəliyinə qarşı vaksinlərin tədarükü, Fransa agentliyi qrupunun yaradılması, Qazaxıstanda fransız məktəblərinin açılması haqqında sazişlər imzalanıb.

Əziz Mustafa