Fransa lideri Makron Mərkəzi Asiya səfərində nəyi hədəfləyir?
Fransa prezidenti Emmanuel Makron Mərkəzi Asiyadadır. Bu səfər Avropanın nüvə və qalıq yanacaqlara çıxışında Mərkəzi Asiyanın əhəmiyyətinin artdığı bir vaxtda baş verdi.
Proqrama baxanda Makronun səfəri Qazaxıstan və Özbəkistanla ticarət və ikitərəfli münasibətləri yaxşılaşdırmaq kimi görünsə də, səfərin arxasında nələrin dayandığını anlamaq üçün ötən iyul ayına qayıtmalıyıq.
İyul ayında Nigerdə baş verən çevrilişin Fransa üçün həyati əhəmiyyət kəsb edən nüvə sənayesini riskə atacağından qorxurdular.
Lakin bu narahatlıq bir qədər şişirdilmişdi. Fransanın ən çox uran aldığı ikinci ölkə Niger olub. Birincisi, Makronun dünən eniş etdiyi dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstandır.
Bu gün Makron digər mühüm uran istehsalçısı olan Özbəkistana səfər edəcək. Dünənki mətbuat konfransında Qazaxıstan prezidenti Kasım Jomert Tokayev deyib ki, Fransa “əsas əhəmiyyətə malik etibarlı tərəfdaşdır”.
Makron bu iltifatı cavabsız qoymayıb və Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl etdiyi üçün Tokayevə təşəkkür edib.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa Birliyinin Rusiyadan neft alışı sürətlə kəsildiyi halda, Qazaxıstan Aİ-yə ən çox neft satan üçüncü ölkə oldu. Onu yalnız Norveç və ABŞ qabaqlayır. Fransanı isə neftdən daha çox maraqlandıran Orta Asiya uranıdır. Fransa elektrik enerjisinin 60 faizini atom elektrik stansiyalarından istehsal edir və bu nisbətdə dünyada birinci yerdədir.
Fransanın Qazaxıstandakı nümayəndə heyətinin üzvü deyib: “Qazaxıstanlar bizim nüvə təcrübəmizə böyük maraq göstərirlər». Bu şəxsin sözlərinə görə, Fransanın ictimai enerji şirkəti EDF Qazaxıstanın ilk atom elektrik stansiyasını tikməyi planlaşdırır, Paris hökuməti isə Fransa universitetlərinin Qazaxıstanda filiallarını açmasını istəyir.
Xatırladaq ki, Fransa ənənəvi olaraq uran ehtiyacının əhəmiyyətli bir hissəsini Nigerdə uran mədənlərində işləyən fransız şirkətlərindən alırdı. Bu tədarükün gələcəyi çevrilişdən sonra hakimiyyətə gələn anti-Fransa xuntasına görə risk altındadır.
Fransa iyul ayında çevrilişin enerji istehsalı üçün qısamüddətli risk yaratmadığını və iki il davam edəcək kifayət qədər uran ehtiyatına sahib olduqlarını açıqlamışdı.
Bununla belə, Makronun Mərkəzi Asiyaya səfəri onu göstərir ki, Paris Niger kimi mühüm uran mənbəyində siyasi qeyri-sabitliyin yarada biləcəyi domino effektindən müəyyən qədər narahatdır.
Amma bu səfər zamanı Makron ümid edir ki, Ukrayna müharibəsinin gətirdiyi strateji fürsətdən istifadə edərək, Rusiyanın bəzi ənənəvi tərəfdaşlarını heç olmasa Qərbə üz tutmağa razı sala bilsin.
Murad Şahməmməd


















































































