Həbsdə olan iranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi gizli məktub yazıb
Qaldığı həbsxanadan Nobel Komitəsinə gizli məktub yazan 2023 Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi, "Əminik ki, nə istədiyimizi istəmədiyimizdən çox daha yaxşı bilirik. Qələbə asan deyil, əminlikdir” deyə bildirib.
Hazırda İranda həbsdə olan 2023-cü il Nobel Sülh Mükafatı laureatı, qadın hüquqları müdafiəçisi Nərgiz Məhəmmədi mükafata görə Nobel Komitəsinə təşəkkür məktubu yazıb.
Həbsxanadan gizli şəkildə çıxarılan məktubunda Məhəmmədi mükafatın “dünyada etirazların və ictimai hərəkatların güclənməsində dönüş nöqtəsi olduğunu” bildirib.
Qadın hüquqları müdafiəçisi dini liderlərin reaksiyasına baxmayaraq hökumət əleyhinə etirazları dəstəkləyərək 2023-cü il Nobel Sülh Mükafatını qazanıb. Məhəmmədi qızı Kiananın oxuduğu və Nobel Komitəsinin internet saytında dərc olunan məktubunda "Hamınıza minnətdaram. Sizi İran xalqını son qələbəyə çatana qədər dəstəkləməyə çağırıram. İran xalqı olaraq, biz demokratiya, azadlıq, insan haqları və bərabərlik tələb edirik. Lakin bütün bu tələblərə nail olmaq üçün əsas maneə İran İslam Respublikasıdır”.
Nərgiz Məhəmmədi məktubunda mükafat xəbərinin kamera yoldaşları tərəfindən “Qadın, Həyat, Azadlıq” hayqırtıları ilə qarşılandığını qeyd edib.
Nərgiz Məhəmmədi İrandakı qadın hərəkatlarına toxunaraq, "Bu hərəkatın gücü İran qadınlarının təmsil olunmasındadır. Əminik ki, nə istədiyimizi istəmədiyimizdən çox daha yaxşı bilirik. Biz buna inanırıq, biz buna sadiqik və qələbəyə əminik.
Xatırladaq ki, İran hökuməti Nobel Komitəsini mükafata görə qınayıb. Ölkədəki etirazları Qərbin başçılıq etdiyi “dağıdıcılıq” kimi xarakterizə edən Tehran administrasiyası Sülh Mükafatının Nərgiz Məhəmmədiyə verilməsi qərarından sonra Nobel Komitəsini insan haqları məsələsini “siyasiləşdirməkdə” günahlandırıb.
“Rejim əleyhinə təbliğat” və “hakimiyyətə qarşı böhtan”da ittiham olunan Məhəmmədi İranda ümumilikdə 31 il həbs və 154 şallaq cəzasına məhkum edilib.
Nərgiz Məhəmmədinin hazırda səhhətində ciddi problemlər var. Son aylarda Məhəmmədi İranda həbsxana və təcridxanaların vəziyyəti, məhbus və məhbuslara qarşı zorakılıqlarla bağlı həbsxanadan çoxlu məktublar göndərib və bu məktublar beynəlxalq media qurumlarında dərc olunub...
Oxuməni.az


















































































