
Qazaxıstanı tənqid edən xarici ölkə vətəndaşları qara siyahıya salınır
Qazaxıstan hakimiyyəti ölkə haqqında mənfi danışan əcnəbilərin reyestrini aparır. Belə şəxslərin Qazaxıstana səfər etməsinə qadağan qoyulub. DW xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov Astanada keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Təbii ki, biz bu siyahını saxlayırıq. Amma bu, işçi siyahıdır və biz onu açıqlamayacağıq”, - deyə Smadiyarov bildirib.
Jurnalistlər reyestrlə bağlı sualın səbəbini rusiyalı endokrinoloq və bloger İlya Magerinin Rusiyanın Qazaxıstanla həqiqətən müharibəyə girəcəyi barədə bu yaxınlarda verdiyi bəyanatına istinad ediblər.
Buna cavab olaraq Smadiyarov həkimə “peşəsi ilə məşğul olmağı” və “lazımsız sözlər deməməyi” tövsiyə edib. Qazaxıstan hakimiyyətinin nümayəndəsi vurğulayıb ki, Rusiya ilə Qazaxıstan arasında mehriban qonşuluq münasibətləri var.
Əziz Mustafa