
Tonlarla köhnə sursat dənizi zəhərləyir
Baltik dənizinin dibində təxminən 300 min ton mərmi paslanır. Bu həm insanlar, həm də sualtı ekosistemlər üçün ciddi təhlükə yaradır. Böyük Avropa ölkələrini birləşdirən strateji su yolu olan Baltik dənizi bu gün Yer kürəsinin ən çirkli su hövzələrindən biridir. İkinci dünya müharibəsi zamanı onun dibində zəhərli maddələrlə dolu minlərlə partlamamış minalar, qumbaralar, mərmilər, raketlər, bombalar yığılmışdı. O vaxtlar partlamamış döyüş sursatlarını dənizə atmaq qurtulmağın ən tez, təhlükəsiz və ucuz yolu hesab olunurdu. Üstəlik, onların bir çoxu post-nasist Almaniyasında partizan hücumlarından qorxduqları üçün 1945-ci ildə müttəfiq qüvvələr tərəfindən batırılmışdı. Onilliklər ərzində bu silahlar dənizin dərinliklərində paslanaraq sulara trotil, xardal qazı, fosgen və arsen kimi zəhərli kimyəvi maddələr buraxır. Dənizə sızan kimyəvi maddələr suyun turşuluğunu və temperaturunu dəyişir, ekosistemləri qeyri-sabitləşdirir. Onlar həmçinin bir çox heyvan növlərində xəstəliklərə səbəb olurlar. Sursatdan gələn çirkləndiricilər hətta balıq toxumasında aşkar belə edilmişdir. Mütəxəssislər qorxurlar ki, belə silahların atıldığı yerlərin yaxınlığında tutulan balıqları yemək insan orqanizmində kanserogenlərin toplanmasına səbəb ola bilər ki, bunun da sonu faciədir.
Murad Şahməmməd