
Ukrayna mülki şəxslərdən Krımı tərk etməyi tələb edir
Ukrayna baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk Krımda olan Rusiya Federasiyası vətəndaşlarını yarımadanın işğaldan azad edilməsinə başlamazdan əvvəl tərk etməyə çağırıb, çünki o zaman tez və təhlükəsiz şəkildə evakuasiya etmək imkanı olmayacaq.
“Son illərdə bizim Krıma qanunsuz daxil olan minlərlə rus nəyə ümid edir? Çünki, bir qayda olaraq, xoşagəlməz hər şey birdən baş verir. Krım körpüsü uçanda (zaman məsələsidir, bu aydındır), quru dəhlizi kəsiləndə, yarımadada quru döyüşləri başlayanda onlar nə edəcəklər?” - o, teleqram kanalında yazıb.
Vereşçuk bildirib ki, minlərlə dinc sakin üçün yarımadanı tez tərk etmək çox çətin olacaq, çünki marşrutlar kəsilib və ətrafda döyüşlər gedirsə, bunu etmək mümkün olmayacaq. O, Krımda olan rusları mümkün qədər tez tərk etməyə çağırıb.
“Ona görə də yarımadada qeyri-qanuni yaşayan rusiyalı mülki şəxslərə müraciət edirəm. Krımda qalmaq sizin üçün təhlükəlidir, gedin. Buna laqeyd yanaşmayın”, - deyə Ukrayna baş nazirinin müavini vurğulayıb.
Əziz Mustafa