İsveçrə Gülnarə Kərimovaya qarşı ittiham irəli sürüb

İsveçrə Gülnarə Kərimovaya qarşı ittiham irəli sürüb

29 Sentyabr 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə Federal Prokurorluğu Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın işi üzrə ittihamları məhkəməyə göndərib. Deutsche Welle-nin İsveçrə nəzarət orqanına istinadən verdiyi məlumata görə, Kərimova cinayət təşkilatında iştirakda, xarici məmurlara rüşvət verməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

İttihama görə, Kərimova və Rusiyanın telekommunikasiya şirkətinin keçmiş icraçı direktoru həm İsveçrədə, həm də digər ölkələrdə fəaliyyət göstərən cinayətkar təşkilatın üzvləri olublar.

Prokurorların fikrincə, ən azı 2001-ci ildən 2013-cü ilə qədər Kərimova bir neçə onlarla insanın və bir çox şirkətin daxil olduğu “Ofis” adlı təşkilat yaradıb və ona rəhbərlik edib. Özbəkistanda telekommunikasiya sahəsinə daxil olmaq istəyən xarici təşkilatlar Kərimova ilə əlaqəli şirkətlərə rüşvət verməli olublar. İttihama görə, təşkilat 2005-ci ildən İsveçrədə fəaliyyət göstərib.

İsveçrə Federal Prokurorluğu tərəfindən araşdırma 2012-ci ildə başlayıb. İstintaq zamanı daşınmaz əmlak, nağd pul və zinət əşyaları da daxil olmaqla 780 milyon İsveçrə frankı (806 milyon avro) dəyərində aktivlər müsadirə edilib.

Oxşar ittihamlar Kərimovaya qarşı Böyük Britaniyada da səslənib. Ölkə hakimiyyəti onun dəyəri 20 milyon funt sterlinqdən çox olan əmlakını - Londonun Belqraviya bölgəsindəki iki mənzilini və Surreydəki malikanəsini müsadirə edib. London məhkəməsi belə qənaətə gəlib ki, bütün bu əmlak “cinayətdən əldə edilən gəlirlər”, yəni Özbəkistan bazarına daxil olmaq üçün telekommunikasiya şirkətlərindən alınan rüşvət hesabına əldə edilib.

Gülnarə Kərimovanın İsveçrə, Fransa, ABŞ və bir sıra digər ölkələrdəki aktivlərinin ümumi məbləği təxminən 1,4 milyard dollar qiymətləndirilir. 2015-ci ilin avqustunda Kərimova Özbəkistanda hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda təqsirli bilinib, 2017-ci ildə isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib, sonra isə bu müddəti 13 il 4 aya qədər artırıb.

Əziz Mustafa