
Daha bir Afrika ölkəsində çevrilişə cəhd edilib
Burkina-Fasonun kəşfiyyat xidmətləri sentyabrın 26-da baş vermiş çevriliş cəhdinin qarşısını alıb.
Bir neçə zabit və digərləri həbs edilib, qiyamda iştirak edən digər şəxslərin axtarışı aparılır: “Hökumət bəzi Burkinabélərin, o cümlədən vətənlərini müdafiə etməyə and içmiş zabitlərin bu xarakterli macəraya qarışmasından dərin təəssüf hissi keçirir".
Burkina Fasoda keçən il iki dövlət çevrilişi baş verdi. Hazırda ölkəyə kapitan İbrahim Traorenin başçılıq etdiyi xunta rəhbərlik edir.
Əvvəlcə yanvar ayında baş verən çevrilişdə mülki dövlət başçısı Roka Kabore vəzifəsindən uzaqlaşdırıldı və həbs edildi. Nəticədə üçüncü hərbi bölgənin komandiri (buraya paytaxt Uaqaduqu da daxildir) Pol-Henri Damiba hakimiyyətə gəldi. Hazırkı lider Traore əvvəlcə yeni hakimiyyəti dəstəklədi, lakin sonradan Damibanı terrorçularla mübarizədən daha çox siyasətlə məşğul olmaqda ittiham etdi. Sentyabrın sonunda Traorenin başçılıq etdiyi bir qrup hərbçi Damibanın hakimiyyətini devirdi. Hökumət buraxıldı, Konstitusiyanın fəaliyyəti dayandırıldı, sərhədlər bağlandı. Çevriliş ABŞ, Avropa Birliyi, Afrika Birliyi və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) tərəfindən pislənilib.
Əziz Mustafa