
Londonda rus casusları qalmaqalı davam edir
Beş Bolqarıstan vətəndaşı Rusiya xeyrinə casusluq ittihamı ilə İngiltərə məhkəməsinə çıxarılıb.
London polisinin apardığı araşdırma belə nəticəyə gəlib ki, onlar 2020-ci ilin avqustundan 2023-cü ilin fevralına qədər iş materiallarında qeyd olunduğu kimi, “düşmən ölkəyə faydalı ola biləcək” məlumat toplayıblar.
Müttəhimlər kürsüsündə Orlin Rusev, Bizer Dzhambazov, Katrin İvanova, İvan Stoyanov və Vanya Qaberova oturmuşlar.
Onlar bu ilin fevralında terrorla mübarizə polis idarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Qrupun Britaniyadakı fəaliyyətinə 45 yaşlı Rusevin rəhbərlik etdiyi iddia edilir.
Mövcud məlumata görə, onların hamısı Rusiya xüsusi xidmət orqanlarının əməliyyat casus bölməsinin üzvləri olub. Onların vəzifələrinə, xüsusən də müxtəlif obyektlərin monitorinqi daxildir.
İttiham tərəfinin sözlərinə görə, qrup həm Britaniyada, həm də digər Avropa ölkələrində topladığı məlumatları Rusiya dövlətinin nümayəndələrinə ötürüblər.
Təqsirləndirilənlərdən üçü - Rusev, Cambazov və İvanova Norfolkda yaşayırdılar. Həbs zamanı onların evlərindən bir sıra Avropa ölkələrinin: Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya və Çexiyaya məxsus saxta pasportlar və şəxsiyyət vəsiqələri aşkar edilib.
Qrup üzvləri Monteneqroda müşahidələrin təşkilində də ittiham olunurlar.
E.Axund