
ABŞ Putini APEC sammitinə dəvət etməmək qərarına gəlib
ABŞ hakimiyyəti Rusiya prezidenti Vladimir Putini qarşıdan gələn Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə dəvət etməmək qərarına gəlib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və APEC-in yüksək vəzifəli rəsmisi Marat Berdıyev deyib.
“Birləşmiş Ştatlar ikitərəfli kanallar vasitəsilə bizə bu il bir sıra liderləri dəvət etməyəcəklərini bildirdilər, çünki onlara qarşı sanksiyalar tətbiq olunur”, - deyə Berdyev bildirib.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə başlayandan bəri ABŞ sanksiyaları altındadır. Məhdudiyyətlərə ölkəyə girişin qadağan edilməsi və aktivlərin bloklanması daxildir. Həmçinin 2023-cü ilin martında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Federasiyası tərəfindən ələ keçirilən Ukrayna ərazilərindən ukraynalı uşaqların deportasiyası ilə əlaqədar Putinin həbsinə order verib.
APEC sammiti ABŞ-ın sədrliyi ilə noyabrın 11-dən 17-dək San-Fransiskoda keçiriləcək.
Əziz Mustafa