ABŞ Mərkəzi Asiyanı öz qanadı altına alır

ABŞ Mərkəzi Asiyanı öz qanadı altına alır

22 Sentyabr 2023 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatlar və Mərkəzi Asiya Respublikaları birgə bəyanatda Mərkəzi Asiya ölkələrinin suverenliyini qorumaq üçün təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladılar. Bu barədə Ağ Evin saytında məlumat verilib.

Sənəddə deyilir: “Biz ümumi regional çağırışlara qarşı mübarizənin, eləcə də Mərkəzi Asiya dövlətlərinin suverenliyinin və müstəqilliyinin qorunmasının zəruri təməl daşı kimi təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyirik”.

Ağ Evin yaydığı bəyanatda həmçinin müdafiə, hüquq-mühafizə, terrorla mübarizə, sərhəd təhlükəsizliyi, vətəndaşların Suriyadan repatriasiyası və radikallaşmaya qarşı mübarizə də daxil olmaqla bir sıra əməkdaşlıq sahələri vurğulanır. Birləşmiş Ştatlar öz resurslarını bu sahələrdə əməkdaşlığın gücləndirilməsinə yönəltməyi öhdəsinə götürüb.

Əfqanıstandakı vəziyyəti müzakirə edən tərəflər bunun regionda təhlükəsizlik və sabitliyə təsirini etiraf edərək, ölkədə inklüziv hökumətin yaradılmasına və insan haqlarına hörmətlə yanaşacağına ümid etdiklərini bildiriblər.

Bundan əlavə, tərəflər C5+1 təşəbbüsü çərçivəsində iqtisadi və enerji əməkdaşlığının inkişaf etdirilməsində, iqlim dəyişikliyi ilə mübarizədə və “insan ölçüsü”nün inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Əziz Mustafa