Ukraynalılar Rusiyanın müdafiə xəttini yarıblar

Ukraynalılar Rusiyanın müdafiə xəttini yarıblar

22 Sentyabr 2023 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu Zaporojye yaxınlığında yerləşən Verbovoye kəndi ərazisində Rusiya silahlı qüvvələrinin əsas müdafiə xəttində irəliləyişə nail olub. Bu barədə Ukrayna ordusunun The Wall Street Journal-a verdiyi məlumatda deyilir.

Bu ərazidə keçirilən əməliyyatın məqsədi Dnepr çayının sol sahilində yerləşən Rusiya hərbi qüvvələrini ayırmaq və Krıma gedən marşruta atəş nəzarəti yaratmaqdır.

Qeyd edilir ki, əməliyyatın uğuru hələ də məhduddur və Ukrayna hərbçiləri arasında yüksək itkilərlə müşayiət olunur. Ukraynalı zabitlərdən biri bildirib ki, istifadə edilən zirehli texnikanın bəziləri məhv edilib. Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri sıçrayış faktını təsdiqləyiblər, lakin qeyd ediblər ki, onun uğuru barədə nəticə çıxarmaq hələ tezdir, çünki Ukrayna qoşunlarının işğal olunmuş əraziləri saxlaya bilib-bilmədiyi bəlli deyil.

Bu kontekstdə xatırladaq ki, ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib. Bayden bildirib ki, ilk Amerika M1 Abrams tankları gələn həftə Ukraynaya təhvil verilməlidir.

Əziz Mustafa