
İran məqbərəsində törədilən terror aktı ilə bağlı tacikistanlıya ölüm hökmü çıxarılıb
İranın Şiraz şəhərində törədilmiş terror aktı ilə bağlı Tacikistan vətəndaşı Raxmatullo Navruzov barəsində ölüm hökmü çıxarılıb. Bu barədə Mizan xəbər agentliyi məlumat yayıb.
Mustafa İslamyar kimi tanınan Navruzov avqustun 13-də Şirazda Şah Çərəx məqbərəsinə hücumda əsas şübhəli şəxs olub. Məhkəmə zamanı o, “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əməkdaşlıq etdiyini təsdiqləyib.
Məhkəmə Navruzovu Allaha və dövlətə qarşı cinayətdə və üsyana təhrikdə təqsirli bilib. Fars vilayətinin baş prokuroru Seyid Kazem Musəvinin sözlərinə görə, Tacikistan vətəndaşı bu cinayətlərin hər birinə görə ölüm hökmü alıb.
İş üzrə digər iki müttəhim İranın təhlükəsizliyinə xələl gətirmək üçün sui-qəsddə təqsirli bilinərək 5 il həbs cəzası alıb.
Əziz Mustafa