
Amerikanın “Air Products” şirkəti Özbəkistanın qaz və qida sənayesinə 10 milyard dollar sərmayə qoyur
Özbəkistan prezidenti Şavkat Mirziyoyev ABŞ-a işgüzar səfəri çərçivəsində “Air Products” şirkətinin rəhbəri Seyfi Qasemi ilə danışıqlar aparıb. Nəticə etibarı ilə tərəflər yeni investisiya proqramı haqqında saziş imzalayıblar ki, bu proqram çərçivəsində Amerika korporasiyası Mərkəzi Asiya respublikasında həyata keçirilən layihələrə 10 milyard dollar sərmayə qoyacaq, Mirziyoyevin mətbuat xidməti xəbər verir.
Nyu-Yorkda keçirilən görüşdə Özbəkistan Prezidenti “Air Products” şirkətinin rəhbəri ilə strateji tərəfdaşlıq, cari layihələrin həyata keçirilməsi və gələcək üçün planlar məsələlərini müzakirə edib.
Bildirilib ki, bu gün Amerika korporasiyası “Uzbekistan GTL” müəssisəsində sənaye qazlarının emalı ilə məşğul olur, sintez qazı, oksigen və azot, “Navoiyazot”da isə karbon qazı hasil edir.
Son iki ildə xarici şirkət bu layihələrə 1 milyard dollardan çox sərmayə qoyub.
Yeni investisiya proqramı “Air Products” şirkətinin respublikada fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur. Xüsusilə, söhbət kömürün qazlaşdırılması, texniki qazların, hidrogen və ammoniumun, həmçinin karbon qazının istehsalı layihələrindən gedir. Bundan əlavə, tərəfdaşlar qida sənayesi müəssisələrində innovativ yanaşmalar tətbiq etmək niyyətindədirlər. Karbonsizləşdirmə (atmosferə karbon qazı emissiyalarının azaldılması) sahəsində normativ-hüquqi bazanın hazırlanmasında xarici mütəxəssislər də iştirak edəcəklər.
Danışıqların sonunda Mirziyoyev Qaseminin Özbəkistan-Amerika əməkdaşlığının genişlənməsində xidmətlərini qeyd edib və ona yüksək dövlət mükafatı - “Dostluq” ordeni təqdim edib.
Əziz Mustafa