
Gülnarə Kərimovadan götürülən 43,5 milyon dollar Özbəkistanda uşaq ölümlərinin azaldılmasına xərclənəcək
Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnarə Kərimovadan götürülən 43,5 milyon dollar BMT-nin Özbəkistanda ana və yenidoğulmuşlar arasında ölüm hallarının azaldılması proqramına dəstək üçün istifadə olunacaq. BMT-nin Özbəkistandakı nümayəndəliyi xəbər verir ki, bu barədə “Uzbekistan Vision 2030 Foundation” (Ishonch Foundation) məlumat yayıb.
Proqram üç təşkilat - UNICEF, UNFPA və ÜST tərəfindən birgə həyata keçiriləcək. O, 30 ay müddətinə nəzərdə tutulub və ölkə üzrə 600 min qadın və yeni doğulmuş uşağı əhatə edəcək. Proqramın əsas məqsədlərindən biri aşağı çəkili körpələrin sağ qalma səviyyəsini indiki 75%-dən 90%-ə çatdırmaqdır.
“Uzbekistan Vision 2030 Fund” Gülnarə Kərimovaya qarşı cinayət işi çərçivəsində müsadirə edilmiş və ya həmişəlik müsadirə olunacaq aktivlərin qaytarılması üçün istifadə olunur. Yada salaq ki, 2020-ci ilin mayında Fransa Kərimovanın 10 milyon dollarlıq aktivlərini Özbəkistana qaytarıb, həmin ilin sentyabrında İsveçrə Özbəkistanla 131 milyon dolların qaytarılması ilə bağlı çərçivə sazişi imzalayıb, 2022-ci ilin fevralında isə Fransa daha 10 milyon dolları qaytarıb. Həmin ay Özbəkistan və İsveçrə Kərimova və onun Özbəkistana qaytarılan əlaltılarının aktivlərini alacaq BMT-nin çoxtərəfli trast fondunun yaradılması barədə razılığa gəliblər. Gələcəkdə bu vəsaitlərin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), o cümlədən yoxsulluğun və aclığın aradan qaldırılması, keyfiyyətli təhsil, gender bərabərliyi, təmiz su və kanalizasiya, layiqli əmək və iqtisadi artım və digər məqsədlərə nail olmaq üçün istifadə edilməsi qərara alınıb.
2022-ci ilin sentyabrında Özbəkistanın Ədliyyə Nazirliyi Özbəkistanın birinci prezidentinin böyük qızının xaricdə yerləşən cinayət aktivlərinin ümumi məbləğinin təxminən 1,3 milyard dollar olduğunu bildirib.
Əziz Mustafa