
Qazaxıstan Stalin repressiyalarının 311 min qurbanını reabilitasiya edib
Qazaxıstanda siyasi repressiya qurbanlarının tam reabilitasiyası üzrə dövlət komissiyası müəyyən edib ki, 1929-1956-cı illərdə sürgün edilmiş, xüsusi məskunlaşan və cinayət məsuliyyətinə cəlb edilmiş 311 min nəfərə qarşı çıxarılan hökmlər ədalətsizdir. Bu barədə Mərkəzi Asiya Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Ümumilikdə, ekspertlər qeyd olunan müddət ərzində Stalin repressiyaları qurbanlarının 2,4 milyondan çox arxiv kartını məxfilikdən çıxarıblar. Həmin illərdə Qazaxıstanda yaşayan 300 mindən çox məhkum reabilitasiya olunub. Bundan əlavə, 251 min xüsusi məskunlaşma işi komissiya tərəfindən ekspertlərin məlumatları öyrənəcəyi ölkə prezidentinin arxivinə verilib. Bu ilin sonuna kimi daha 265 min iş dövlət başçısının arxivinə göndəriləcək.
24 noyabr 2020-ci ildə Respublika Prezidenti Qasım-Jomart Tokayev siyasi repressiya qurbanlarının tam reabilitasiyası üçün Dövlət Komissiyasının yaradılması haqqında fərman imzalayıb. Bu ilin əvvəlində dövlət müşaviri Erlan Karin ölkə rəhbərinə belə hallarla bağlı 31 cildlik sənəd və material təqdim edib.
Əlavə etmək istərdik ki, Qazaxıstan qanunvericiliyinə uyğun olaraq, əsassız repressiyaya məruz qalan və sonradan reabilitasiya olunan şəxslərə pul kompensasiyası ödənilir. 2021-ci ildə rəsmilər bəyan ediblər ki, 2003-cü ildən 2020-ci ilə qədər Sovet hakimiyyətinin özbaşınalığının qurbanlarına ümumilikdə təxminən 15 milyard tenge (təxminən 35 milyon dollar) ödəyiblər.
Hər il mayın 31-də Qazaxıstanda 1930-cu illərdə bir milyon yarıma yaxın insanın həyatına son qoyan Siyasi Repressiya və Aclığın Anım Günü qeyd olunur.