
Zelenski: Putin üçün heç bir ərazi güzəşti, möhlət yoxdur
Ukrayna prezidenti Vladimir Zelenski sülhə nail olmaq üçün Rusiyaya ərazi güzəştlərinin mümkünlüyünü istisna edib.
"Yox. Bu, bizim ərazimizdir”, - deyə Ukrayna dövlət başçısı Amerikanın CBS telekanalına müsahibəsində Ukraynanın öz torpaqlarının bir hissəsindən imtina edə biləcəyi sualına cavab verərkən vurğulayıb.
Zelenski hava şəraitindən asılı olmayaraq Rusiya tərəfindən ələ keçirilən mümkün qədər çox rayonların azad edilməsinin və əks-hücumun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Zelenski müsahibəsində Ukraynanın hücumunun sürətini də şərh edib. "Çətin vəziyyətdir - mən sizinlə tamamilə səmimi olacağam. Ordumuz rus işğalçısının irəliləməsini dayandırıb hücuma keçdilər. Buna baxmayaraq, hərəkət çox sürətli deyil. Ancaq hər gün irəli getməyimiz vacibdir”,- deyə o bəyan edib.
Ukrayna prezidenti vurğulayıb ki, yüzlərlə metrdən danışsaq belə, Ukrayna qoşunları mümkün qədər irəli getməlidir: "Biz Putinə fasilə verməməliyik".
Əziz Mustafa