ABŞ-dan olan 81 yaşlı senator Makkonel yenidən kameralar qarşısında donub qalıb
ABŞ Senatında Respublikaçılar Partiyasının lideri, 81 yaşlı senator Makkonel mətbuat nümayəndələrinin suallarını cavablandırarkən yerində 30 saniyədən çox donub qalıb.
Bir müxbir ondan yenidən seçilmək üçün namizəd olub-olmayacağını soruşduqda, Makkonel 30 saniyədən çox səssiz qalıb və sanki yoxmuş kimi davranıb.
Bu zaman Makkonelin köməkçisi onun yanına gələrək, senatordan sualı eşitib-eşitmədiyini soruşub və jurnalistlərə “Bizə bir dəqiqə lazım olacaq” deyə bildirib.
Köməkçilərinin müdaxiləsindən sonra özünə gələn Makkonel yüksək səslə aldığı bir neçə suala qısa cavablar verərək mətbuat konfransını tərk edib. Senatda azlığın lideri, respublikaçı senator iyulun 26-da ABŞ Konqresində mətbuat konfransında əsas çıxışını edərkən təxminən 20 saniyə donub qalmışdı.
Yanındakı deputatlar bir müddət çaş-baş qalmışdılar və Makkonel heç nə demədən kənara çəkilmişdi, sonra yenidən jurnalistlərin qarşısına keçərək yaxşı olduğunu bildirmişdi.
2007-ci ildən Senatda Respublikaçılar qrupunun lideri olan Makkonnel mart ayında Vaşinqtonda bir oteldə yıxıldıqdan sonra beyin sarsıntısı keçirib. Üstəlik qabırğası da sınmışdı. Müalicəsinə görə bir müddət Senatda iştirak etməmişdi.
Makkonelin hazırkı səhhəti mübahisələrə səbəb olur. Çoxları belə hesab edir ki, artıq Makkonel Senatdakı vəzifəsindən istefa verməlidir.
Murad Şahməmməd
























.jpg)


























































