ABŞ-dan Tayvana 500 milyon dollarlıq avadanlıq…

ABŞ-dan Tayvana 500 milyon dollarlıq avadanlıq…

24 Avqust 2023 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Çinlə suverenlik münaqişəsində olan Tayvana 500 milyon dollar dəyərində axtarış və izləmə sistemləri və müvafiq avadanlıqların satışını təsdiqləyib. ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən yazılı açıqlamada, Dövlət Departamentinin Tayvana 500 milyon dollar dəyərində axtarış və izləmə sistemi və əlaqədar avadanlıqların satışına icazə verdiyi bildirilib.

Açıqlamada satışın təsdiqlənməsi ilə bağlı Konqresə göndərilən bildirişdə "Bu avadanlıqların satışı və Tayvana dəstəyimiz bölgədəki əsas hərbi balansı dəyişməyəcək" ifadəsindən istifadə edilmişdir.

Co Bayden administrasiyası mart ayında Tayvana F-16 arsenalları və müvafiq avadanlıq da daxil olmaqla 619 milyon dollar dəyərində silah satışını da təsdiqləmişdi.

Çin isə Vaşinqton administrasiyasını Tayvana silah satışını və hərbi əlaqələri kəsməyə dəvət edir. Dövlət Departamentinin silah satışına icazə verməsi sadəcə olaraq o deməkdir ki, ABŞ administrasiyasında satışa heç bir etiraz yoxdur.

ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlaya bilər. Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.

Murad Şahməmməd