Tələbələr saatlarla 914 metr hündürlükdə kanat yolunda qalıblar
Pakistanın Hayber-Paxtunxva əyalətinin Battaqram bölgəsində məktəbə gedərkən 6-sı uşaq olmaqla 8 nəfər saatlarla 914 metr hündürlükdə kanatda qalıb. Səlahiyyətlilər indiyə qədər 2 uşağın xilas edildiyini açıqlayıb. Kanatda sıxışan 8 nəfərdən 2 uşaq xilas edilərkən, axtarış-xilasetmə işləri davam edir. Yerli rəsmilər kanat yolunun iki kabelinin qırıldığını və sərnişinlərin 914 metr hündürlükdə qapalı vəziyyətdə qaldığını bildiriblər. Bölgədə yol və körpü olmadığından yerli əhali kanat yolu ilə təmin edilib. Baş nazir Kakar istifadəyə yararsız və təhlükəsizlik standartlarına cavab verməyən bütün kanat yollarının dərhal bağlanmasını əmr edib. Göndərilən hərbi helikopter ərazidə araşdırma apararkən, xilasetmə qrupları kanat altında təhlükəsizlik üçün tor çəkməyə çalışır. Kanatda ilişib qalan sərnişinlərdən Gülfaraz adlı bir şagirdin son 3 saatdır ürəyində problem olduğu üçün huşsuz qaldığı bildirilib. Şagirdlər yanlarında yemək və içməli su olmadığını, telefonlarının enerjisinin də az olduğunu xilasedicilərə bildiriblər.
Murad Şahməmməd


















































































