Kosmosa turistik uçuş: 90 dəqiqəlik uçuş 450 min dollar
Kosmik turizm üçün əhəmiyyətli bir gün. Britaniyalı iş adamı Riçard Bransonun «Virgin Galactic» şirkəti ikinci dəfə turistik kosmosa səfər edib. Ana-qızı və 80 yaşlı keçmiş olimpiya idmançısı ABŞ-ın Nyu-Meksiko ştatından havaya qalxan kosmik gəmidə astronavt olublar. «Virgin Galactic»-in uçuş haqqı 450 min dollardır. Biletini 18 il əvvəl alan keçmiş olimpiya idmançısı Con Qudvinin kosmosa uçuş üçün 250 min dollar ödədiyi bildirilir.
Britaniyalı iş adamı Riçard Bransonun «Virgin Galactic» şirkəti ikinci dəfə kosmosa turistik səfər edib.
Unity adlı kosmik gəmi yerdən 13 kilometr yüksəklikdə daşıyıcı təyyarədən ayrılaraq mühərrikini işə salıb.
Səs sürətini saniyələr ərzində keçən gəmi kosmos həddinə, yəni 85 kilometr yüksəkliyə çatıb.
Təhlükəsizlik kəmərlərini açıb oturacaqlarından qalxan kosmos turistləri cazibə qüvvəsinin olmadığı mühitdən həzz alıblar.
Təxminən 15 dəqiqəlik geri dönüş yolundan sonra kosmik gəmi ABŞ-ın Nyu-Meksiko ştatında uçuş-enmə zolağına yumşaq eniş edib.
Murad Şahməmməd


















































































