İranın Bakı və İrəvanla bağlı - 6 hiyləgər təklifi

İranın Bakı və İrəvanla bağlı - 6 hiyləgər təklifi

28 Mart 2023 23:47
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı geniş bir yazı ilə çıxış edib.

“Xəbəronlayn” (Khabaronline.ir) saytında dərc edilən məqalədə Pakayin mümkün qədər neytral görünməyə çalışıb.

İlk baxışdan bu məqalə İranın Azərbaycana qarşı siyasətində “nisbi yumşalma” təsiri bağışlasa da, əslində 10 noyabr bəyanatının mahiyyətinin təhrifinə və Azərbaycanın milli maraqlarına qarşı hiyləgər bir gedişdir.

Pakayin Paşinyanın sülh müqaviləsi imzalanacağı ilə bağlı açıqlamasından “təsirlənərək” (daha doğrusu, qorxuya düşərək), guya mövcud problemin haradan qaynaqlandığını aydınlaşdırmağa çalışmaqla, Ermənistanın istəyinə qarşı çıxdığını, sülhə mane olduğunu göstərir:

“Bu konfliktlərin (son proseslər nəzərdə tutulur – red.) başlamasının səbəbini 10 noyabr Moskva razılaşmasının çatışmazlıqlarında və qeyri-müəyyənliklərində axtarmaq lazımdır. O zaman da elan edilmişdi ki, Moskva müqaviləsi yalnız atəşkəs haqqında sazişdir və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında mühüm məsələlərin, o cümlədən Qarabağın hüquqi statusu və Zəngəzur dəhlizinin həlli deyil. Moskva müqaviləsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 mühüm şəhəri azad edilsə də, Qafqazda uzun sürən münaqişənin əsas səbəbi olan Qarabağın vəziyyəti aydınlaşdırılmadı. Bu müqavilədə Qarabağın Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qalacağı və ya başqa vəziyyətin yaranacağı bəlli deyildi.

Moskva müqaviləsindəki digər mühüm anlaşılmazlıq Zəngəzur dəhlizindən necə istifadə olunması idi. Bu keçidin Ermənistanın ərazisi daxilində, yaxud rusların nəzarəti altında qalacağı təsbit edilmədi. Bu qeyri-müəyyənliklərə görə, Azərbaycan Respublikası və Ermənistan Respublikasınin öz müstəqil baxışı var. Ermənistan bəyan edir ki, bu keçid Sünik vilayətinə aiddir və İrəvan hakimiyyəti altında olmalıdır. Lakin Azərbaycan Respublikası Zəngzərun beynəlxalq keçid olduğunu və Ermənistanın suverenlik hüququna malik olmadığını iddia edir.

Ermənistan baş nazirinin qeyd etdiyi saziş və ya hər hansı digər oxşar sazişin reallaşması və həyata keçirilməsi üçün ilk növbədə beynəlxalq standartlara diqqət yetirilməli, mübahisəli məsələlər ərazi bütövlüyünə hörmət əsasında həll edilməlidir. Tarixi qeydlərə və beynəlxalq standartlara əsasən, ermənilərin yaşadığı mərkəzi Xankəndi olan Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə, Zəngəzur dəhlizi isə Sünik vilayətinə və Ermənistana aiddir.

Qarabağın müstəqilliyi Azərbaycan Respublikasının parçalanması və coğrafi sərhədlərin dəyişdirilməsi deməkdir. Ermənistanın da Zəngəzur üzərindəki hakimiyyətini əlindən alıb, o bölgədən məhrum etmək bu ölkənin ərazi bütövlüyünün pozulmasıdır və coğrafi sərhədlərin dəyişdirilməsidir”.

Pakayin ustalıqla 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın maddələri üzərində spekulyasiya edir. Məsələ bundadır ki, Zəngəzur dəhlizinin statusunun necə olacağı barədə 10 noyabr 2020-ci il bəyanatında konkret bənd var – 9-cu maddə. Orada göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Burda açıq şəkildə dəhlizin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olacağı, Azərbaycan vətəndaşlarının həmin yoldan maneəsiz hərəkət edəcəyi nəzərdə tutulub.

Pakayinin bunu Sünikin (Qərbi Zəngəzur) Ermənistandan alınması kimi yozması riyakarlıqdır, İranın Ermənistanın guya ərazi bütövlüyünə qarşı həssaslığının siyasi-diplomatik baxımdan uğursuz və hiyləgər əsaslandırmasının sübutudur.

Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin yaradılması heç bir halda Ermənistanın ərazi bütövlüyünü pozmur və bunu manipulyasiya etmək, Zəngəzur dəhlizini Qarabağın ermənilər yaşayan ərazisi ilə müqayisə etmək eybəcər yanaşma, düşünülmüş təhrif və qeyri-adekvat yanaşmadır.

Pakayin “Ayətullah Xamenei 13.08.1399-cu il (28.11.2020-ci il) tarixli bəyanatlarına” istinadla İranın sülhün müddəalarını tənzimləmək üçün Azərbaycan və Ermənistan tərəfindən “nəzərə alına biləcək 6 prinsip” irəli sürməsindən də danışıb.

İranın təklif etdiyi prinsiplərə baxaq:

1. Ermənistan Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edərək, mərkəzi Xankəndi olan Qarabağ bölgəsini (? – red.) Azərbaycan Respublikasının ərazisi kimi tanımalı və bu bölgənin müstəqilliyini və Azərbaycan Respublikasından ayrılmasını dəstəkləməməlidir;

2. Azərbaycan Respublikası öz ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verilməsi, təhlükəsizliyin təmin edilməsi və ermənilərə vətəndaşlıq hüquqlarının verilməsi öhdəliyini götürməlidir;

3. Azərbaycan Respublikası Zəngəzur dəhlizinin Ermənistanın ərazisi və bu ölkənin ərazi bütövlüyünə aid olmasını qəbul etməli, bu dəhlizlə bağlı tarixi iddialardan çəkinməlidir;

4. Azərbaycan Respublikası öz ərazi bütövlüyü çərçivəsində Qarabağ ermənilərinin Ermənistanla əlaqəsi üçün Laçın keçidini açıq saxlamaqla bağlı öhdəlik götürməlidir;

5. Ermənistan Respublikası öz ərazi bütövlüyü çərçivəsində və Zəngəzur dəhlizi üzərində suverenliyini qorumaqla Azərbaycan Respublikasına Naxçıvan Muxtar Respublikasına daxil olmaq üçün bu dəhlizdən istifadə etməyə icazə verməlidir;

6. Azərbaycan Respublikası və Ermənistan Respublikası Laçın və Zəngəzur keçidlərindən hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəlik götürməlidir.

Əvvəla, Azərbaycanda “mərkəzi Xankəndi olan Qarabağ bölgəsi” adlı inzibati ərazi vahidi yoxdur. İran guya Ermənistanın “bu bölgənin müstəqilliyini dəstəkləməməli” olduğunu bildirməklə, əslində, Azərbaycanın ərazi bütövlüyünə təhdid olan bu ifadəni işlədir və ermənilərin işğal siyasətinə dəstək verir.

İkincisi, “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verilməsi” müzakirə mövzusu belə deyil. Bu məsələ Azərbaycan Prezidenti tərəfindən 2020-ci ildə birdəfəlik qapadılıb. İran hansı hüquq və əsasla belə bir iddia ilə çıxış edir?

Qarabağın rus sülhməramlıların nəzarətində olan hissəsində “120 minə qədər” erməni yaşamır, orda əhali sayı heç 35 min də deyil. Ancaq hətta 120 mini qəbul etsək belə, bu, Azərbaycan əhalisinin 1 faizinə bərabərdir. İran Azərbaycan əhalisinin bir faizi həcmində belə olmayan ermənilərə muxtariyyət verilməsini təklif edirsə, onda əhalisinin ən azı 45 faizi, rəsmi rəqəmlərə görə - yəni Tehranın etiraf etdiyinə görə - 25 faizini əhatə edən Azərbaycan türklərinə niyə muxtariyyət təklif etmir?

Azərbaycanda mərkəzi Xankəndi olan Qarabağ bölgəsi yoxdur, ancaq İranda mərkəzi Təbriz olan Güney Azərbaycan var və rəsmi statistikaya görə o ərazidə 25 milyona yaxın, qeyri-rəsmi statistikada isə İranda ümumilikdə 40 milyon azərbaycanlı yaşayır. İran 6 ostana böldüyü Güney Azərbaycan əyalətlərinə muxtariyyət təklif edibmi ki, Azərbaycana belə bir təklif səsləndirir?

Üçüncüsü, Azərbaycan Qərbi Zəngəzurun Ermənistana aid olduğunu inkar etmir və Ermənistanın ərazisinə də iddialı deyil: ancaq həmin ərazilərdən qovulan azərbaycanlıların yurd-yuvalarına qayıtmasını istəyir, Qərbi Zəngəzurdan keçən və 2020-ci il 10 noyabr bəyanatında təsbit edilən dəhlizin də maneəsiz açılmasını tələb edir.

Dördüncü, beşinci və altıncı təkliflərə diqqət edin: İran Qarabağa “muxtariyyət” təklif etməklə, Azərbaycanla Naxçıvan arasında əlaqə ilə Ermənistanla Qarabağ arasında əlaqə arasında paralellik yaradır və olduqca təhlükəli bir manevr edir. Sanki Naxçıvan Azərbaycan üçün nədirsə, Qarabağın da Ermənistan üçün o olduğu təəssüratını hiyləgərcəsinə təkliflərinə daxil edir.

“Laçın və Zəngəzur keçidlərindən hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəlik götürülməlidir” – təklifi qədər təhlükəli, hiyləgər, İranın iç üzünü açan məkr təsəvvür etmək mümkün deyil.

Naxçıvan Azərbaycanın anklavıdır, ona görə Muxtar Respublika statusunu alıb ki, Azərbaycandan ayrı salınıb və Naxçıvanı Azərbaycanla birləşdirən hissə 1920-ci ildə Azərbaycandan qoparılıb. Qarabağ isə Azərbaycanın tarixi ərazisidir – işğal olunmuşdu, indi də azad edilib.

Zəngəzur dəhlizi ilə Azərbaycan öz ərazisindən öz ərazisinə gedir – necə ki, Rusiya Litvadan keçən dəhlizlə Kalininqrada gedir. O dəhlizdən silah daşınması başqa ölkənin maraqlarına zərbə vurmur.

Ancaq Laçın yolu ilə silah daşınması Azərbaycanın daxilində olan terrorçuların silahlanması deməkdir.

İran bu iki yol arasında paralellik yaratmağa çalışmaqla, görün, hansı “strateji” məkrini ortaya qoyur!

Sonda Pakayin iddia edir ki, guya bu prinsiplərə əməl olunsa, “Azərbaycan və Ermənistanın ərazi bütövlüyü qorunacaq, coğrafi sərhədləri dəyişməz qalacaq, mühüm keçidlər açılacaq və erməni azlığının təhlükəsizliyi və hüquqları təmin olunacaq: Müqaviləyə əməl olunarsa, hər iki ölkə üçün zərərli olan münaqişə sona çatar. Tərəflərin hər birinin qarşı tərəfin ərazi bütövlüyünü pozmaqda, beynəlxalq sərhədləri dəyişdirməkdə israrlı olması nəinki problemi həll edir, əksinə, münaqişələrin miqyasını genişləndirə bilər. Hər iki ölkə keçmişdə olduğundan daha çox ziyan görəcək”.

Bu “prinsiplər” Azərbaycanın içinə basdırılmasına çalışılan növbəti siyasi minadır və Azərbaycan Ordusunun qüdrəti sayəsində məhv edilən erməni işğal siyasətinin yenidən cücərməsinə hesablanan layihədir.

Və nəhayət: İrandan Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyi heç kim xahiş etməyib, Tehranın özünü “sülh təklifləri ilə” ortaya soxmasına qəti ehtiyac yoxdur. Ermənistan və Azərbaycan arasında vasitəçilər var – bu, Moskva və Brüsseldir, Bakı və İrəvan lazım gələndə, ehtiyac olanda, o vasitəçilərin dəstəyindən istifadə edir və ümumiyyətlə isə son vaxtlar birbaşa kontakt saxlamağa çalışır.

İran “beynəlxalq prinsipə uyğun” təklif verəcək ən sonuncu ölkədir. Beynəlxalq prinsipləri rəhbər tutan ölkə daxili etirazları yatırmaq üçün minlərlə insanı qətlə yetirməz, onminləri türmələrə soxub, həbs edilən qadın vətəndaşlarını zorlamaz, ölkəsi daxilində yaşayan və əhalisinin yarısını təşkil edən xalqın heç olmasa, təhsil, dil haqqını tanıyar.

Öz ölkəsində təhsil istəyən, ana dilində yazıb-oxumaq arzulayan 40 milyonu dəhşətli təzyiq altında saxlayan, onları türmələrə doldurub, qətlə yetirən İranın 30 minlik erməninin hüquqlarının müdafiəsinə qalxması qədər əxlaqsız, alçaq və vicdansızlıq Yer üzündə yoxdur! Axar.az