Məhkəmə Mixail Saakaşvilinin xaricdə müalicə olunmasına icazə verməyib

Məhkəmə Mixail Saakaşvilinin xaricdə müalicə olunmasına icazə verməyib

7 Fevral 2023 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə qalacaq.

Oxuməni.az xəbər verir ki, Tbilisi şəhər məhkəməsi keçirdiyi iclasda belə bir qərar çıxarıb və bununla da siyasətçinin xaricdə müalicə almasına icazə verməyib. Hakim Giorgi Arevadze vəkillərin vəsatətini təmin etməyib.

Mixail Saakaşvilinin səhhətinə görə möhlət və ya cəzanın icrasından azad edilməsi ilə bağlı işi iki aydan çox davam edib. Hökmü küçədə eks-prezidentin beş yüzə yaxın tərəfdarı gözləyirdi. Polis məhkəmənin yaxınlığına səfərbər edilib.

Gürcüstanda Mixail Saakaşviliyə qarşı 5 cinayət işi açılıb. O, 2021-ci il sentyabrın 29-na keçən gecə bu ölkəyə qayıdıb. İstintaqın məlumatına görə, Saakaşvili yük maşınında gizlənərək, Vilnüs bərəsi ilə Gürcüstanın Poti limanına gizli şəkildə gəlib. Eks-prezident Facebook sosial şəbəkəsində vətəndaşları oktyabrın 2-də keçiriləcək seçkilərdə hakim “Gürcü arzusu” partiyasının əleyhinə səs verməyə çağıran video yayıb. Saakaşvili növbəti videosunda saxtakarlığı proqnozlaşdıraraq vətəndaşları etiraz aksiyaları keçirməyə çağırıb. Polis və kəşfiyyat orqanları siyasətçinin yerini yalnız oktyabrın 1-də tapa bilib. O, Tbilisidə gəldiyi maşının sürücüsünün mənzilində saxlanılaraq həbs edilib .

2021-ci ilin oktyabrında Mixail Saakaşvili həbsdə olarkən 50 gün aclıq aksiyasına başlayıb və yalnız bərpa olunmaq üçün Qoridəki hərbi hospitala köçürüldükdən sonra aclıq aksiyasını dayandırıb. Lakin fevralın 21-də həbsxanaya qayıtdıqdan sonra siyasətçi yenidən 20 gün davam edən aclıq aksiyasına başlayıb. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün həbsxanadan Tbilisi ətrafında yerləşən özəl klinikaya köçürülüb və orada ayrıca palatada saxlanılır. Tbilisidə Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə bir neçə etiraz aksiyası keçirilib.

E.Axund, Oxuməni.az