Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) Rusiya Jurnalistlər İttifaqının üzvlükdən çıxarılması üçün rəsmi prosedura başlayıb

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) Rusiya Jurnalistlər İttifaqının üzvlükdən çıxarılması üçün rəsmi prosedura başlayıb

1 Fevral 2023 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) Rusiya Jurnalistlər İttifaqının üzvlüyünün dayandırılması və daha sonra onun "IFJ" -dən çıxarılması üçün rəsmi prosedura başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, bu addım etiraz əlaməti olaraq təşkilatı tərk etmək qərarına gələn Danimarka, Finlandiya, Norveç və İslandiyada jurnalist birliklərinin "IFJ" -yə qarşı korrupsiya və fəaliyyətsizlik ittihamlarına cavab olaraq atılıb. Onlar eyni gün ərzində "IFJ" -dən çıxmaq üçün ərizələr təqdim etmək niyyətindədirlər.

Skandinaviya ölkələrindən olan jurnalistlər öz qərarlarını belə əsaslandırıblar ki, "IFJ" Rusiya dövlət mediasının Rusiya ordusu tərəfindən işğal olunmuş və sonradan Ukraynanın ilhaq edilmiş ərazilərindəki fəaliyyətinə, habelə həmin ərazilərdə regional assosiasiyalarının yaradılmasına heç bir reaksiya verməyib. Finlandiya Jurnalistlər Birliyinin rəhbəri Hanne Aho: "Onlar bunu kifayət qədər sakit şəkildə edə bildilər və beynəlxalq federasiya Rusiya Jurnalistlər birliyini üzvlükdən çıxartmadı" .

Bundan əlavə, dörd ölkənin jurnalist birlikləri "IFJ" -ni qeyri-şəffaf maliyyələşmədə ittiham edir. Onlar qeyd ediblər ki, təşkilatın ötən il Omanda keçirilən Konqresin xərcləri demək olar ki, tamamilə bu sultanlığın hakimiyyət orqanları və şirkətləri tərəfindən ödənilib. Tədbirə xərclənən 778.000 avrodan "IFJ" yalnız 33.000 avro ödəyib. Skandinaviya birliklərinin narazılığına həm də Beynəlxalq Jurnalistlər Federasiyasının rəhbər orqanlarının tərkibinin çox ləng dəyişməsi səbəb olur ki, bu da onların fikrincə, seçkilər zamanı qeyri-demokratik təcrübələrdən xəbər verir.

Öz növbəsində, "IFJ" baş katibinin müavini Ceremi Dear bildirib ki, təşkilat "yalan və böhtan iddiaları tamamilə rədd edir".

Qərargahı Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə yaradılıb. 140-dan çox ölkədə 187 assosiasiya ilə dünyanın ən böyük media təşkilatıdır.

Fuad, Oxuməni.az