Sloveniyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfər həbs edilib

Sloveniyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfər həbs edilib

31 Yanvar 2023 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Sloveniyada Kəşfiyyat və Təhlükəsizlik Xidməti Lyublyanada iki əcnəbini Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlayıb.

Oxuməni.az xəbər verir ki, saxlanılanlar Rusiya hərbi kəşfiyyatı "QRU-nun əməkdaşlarıdır. Onlar saxta adlarla Sloveniyada yaşayıblar, rus casuslarının “yatmış şəbəkəsi”nin bir hissəsi olublar. Saxlanılanlardan birinin Argentina pasportu var. İddia edilən casuslar gizli fəaliyyətə keçərək daşınmaz əmlak və antikvar ticarəti üçün saxta sənədlərdən istifadə ediblər. Əcnəbilər 2022-ci il dekabrın 5-də həbs ediliblər və onları casusluq ittihamı ilə səkkiz il həbs cəzası gözləyir.

Rusiyanın Ukraynaya silahlı təcavüzü başlayandan sonra mətbuatda kifayət qədər tez-tez Avropa ölkələrində rus casusları və Rusiyanın maraqlarına xidmət edən vətəndaşlar ifşa olunur. Belə ki, 2022-ci il dekabrın sonunda Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl kəşfiyyat xidmətinin özündə bir rus casusunun ifşa olunduğunu açıqlayıb.

Ötən həftə Almaniya vətəndaşı Artur E. Münhen hava limanında Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb.

Bu arada, İsveçin paytaxtı Stokholmda rayon məhkəməsi yanvarın ikinci yarısında iki İsveç vətəndaşını Rusiyaya casusluqda təqsirli bilib, onlardan birini ömürlük həbs cəzasına məhkum edib.

E.Axund, Oxuməni.az