Ukraynada  "Boqdana" faktoru...

Ukraynada "Boqdana" faktoru...

30 Yanvar 2023 21:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl Ukraynanın 155 mm çaplı "Boqdana" özüyeriyən artilleriya qurğusu təmas xəttinə yaxın ərazilərdən birində yenidən görüntülənib. Ukrayna Silahlı Qüvvələrinin İvan Boqun adına 1-ci əlahiddə xüsusi təyinatlı briqadanın mətbuat xidmətinin məlumatına görə, "Boqdana" haubitsası növbəti dəfə sınaqdan keçirilib. Sınaqlar Ukrayna hərbçilərinin "Boqdana" özüyeriyən haubitsasının Rusiya hərbçilərinin mövqelərinə atəş açması ilə müşaiyət olunub.

Zərbələri əks etdirən fotolar sosial şəbəkədə yerləşdirilib. Ərazinin və atəşin təmas xəttinin hansı hissəsində baş verdiyi bildirilmir, lakin zərbələrin "Bayraktar" TB2 pilotsuz uçan aparatı ilə tənzimləndiyi məlumdur.

Qeyd edək ki, bu, "Boqdana"nın cəbhədə ilk görüntüsü deyil, onun ilk dəfə hələ bu ilin may ayında istifadə edildiyi bildirilirdi, lakin onda da bütün təfərrüatlar dəqiq məlum deyildi.

Ukraynanın ilk NATO çaplı silahının hazırlanması

2S22 "Boqdana" Ukraynanın 155 mm çaplı təkərli özüyeriyən haubitsasıdır. Bu 155 mm çapında NATO sisteminə uyğun hazırlanan ilk Ukrayna haubitsasıdır.

2009-cu ilin əvvəlində TASCO Korporasiyası 155 mm-lik haubitsa quraşdırılmış "Kraz-6322" avtomobilinin şassisinə əsaslanan Ukrayna özüyeriyən haubitsasının prototipini hazırladı. 155 mm-lik çap SSRİ-də qəbul edilmiş 152 mm-dən fərqli olaraq, NATO-da divizion səviyyəli səhra artilleriyası üçün standart kimi qəbul edilib.

"Boqdana" özüyeriyən silahları Ukrayna Silahlı Qüvvələrinin Mərkəzi Tədqiqat Silah və Hərbi Texnika İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilən texniki tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Yeni layihə dövlət müdafiə sifarişi əsasında maliyyələşdirilir. "Boqdana"ya aid artilleriya sisteminin bütün əsas komponentlərini, o cümlədən ən yeni haubitsa lüləsini hazırlayan və istehsal edən Kramatorsk müəssisələridir. Əməkdaşlığa 10-a yaxın müdafiə sənayesi şirkəti cəlb olunub. 155 mm çaplı özüyeriyən "Bogdana"nın son təsdiqlənmiş xüsusiyyətləri yalnız bu yeni artilleriya sisteminin dövlət sınaqları rəsmən başa çatdıqdan sonra məlum olacaq.

Dizayn

Özüyeriyən artilleriya qurğusu döyüş maşınına texniki xidmət göstərmək üçün qoşa zirehli kabinli "KrAZ-63221" şassisi üzərində qurulub. Bundan əlavə, o, "Siemens" SIPLUS və SIMATIC HM avtomatlaşdırılmış idarəetmə sisteminə, ərazini müəyyən etməyə və hədəfləri daha tez vurmağa imkan verən naviqasiya sisteminə, 6 mərmi üçün avtomatik sursat təchizatı sisteminə malikdir. Doldurma, nişan alma və atəş həm qurğunun kabinindən, həm də kənardan idarə oluna bilər. Bunun üçün özüyeriyən silahların arxa hissəsində ikinci idarəetmə bloku quraşdırılıb. Şassi həmçinin 20 ədəd mərmi saxlaya bilən konteynerlərə malikdir.

Lülə

Özüyeriyən qurğularda Ukrayna istehsalı olan lülələrdən istifadə edildiyi iddia edilir. Haubitsanın lüləsi M120-15 "Molot" minaatan ilə eyni ərintidən hazırlanır. "Defence Express"-ə görə, lülə Kramatorsk ağır dəzgahlar zavodunda hazırlanıb.

Şassi

"Boqdana" qurğusu 6x6 təkər formulasına malik "KrAZ-63221" avtomobil şassisi üzərində quraşdırılıb. "KrAZ-63221" maşını 380-420 at gücündə dizel mühərrikə malikdir. Yanacaq sərfiyyatı 37 l/100 km, yanacaq sərfiyyatına görə bir dəfəyə qət edilən məsafə 1200 km-dir. Şassi mərkəzləşdirilmiş təkər doldurma sistemi, RunFlat sistemi, kütləvi işıq cihazı, filtr-ventilyasiya qurğusu və s. ilə təchiz edilir.

Kabin

5 nəfərlik heyət üçün nəzərdə tutulmuş şassidə iki sıra oturacaqları olan zirehli dördqapılı kabin quraşdırılib. Kabin istilik, kondisioner, ventilyasiya və qabaq şüşənin isti hava ilə üfürülməsi, ön şüşələrin və qapı pəncərələrinin elektriklə qızdırılması sistemləri ilə təchiz edilir. Kabində müşahidə və gecə görmə cihazları, radiasiya, kimyəvi kəşfiyyat və idarəetmə cihazları, radiostansiya, fərdi mühafizə vasitələri, daşınan döyüş sursatları (kabinadakı oturacaqların sayına görə) və ekipajın şəxsi əşyaları kimi əlavə avadanlıqlar yerləşir.

Sınaqları

"Boqdana" ilk sınaqlarına 9 avqust 2018-ci ildən başlayıb. 2021-ci il may ayının sonunda "Defence Express" xəbər agentliyi 2S22 "Boqdana" artilleriya qurğusunun sınaqlara qayıtdığını və "Şirokiy Lan" təlim poliqonunda artıq əllidən çox atəş açdığını bildirdi. 2021-ci il oktyabrın 20-dən oktyabrın 23-dək "Əlibəy" dövlət sınaq poliqonunda "Boqdana" sınaqlarının ikinci mərhələsi keçirildi. Hazırda silahların real imkanlarının və müəyyən tələblərə uyğunluğunun qiymətləndirilməsindən ibarət sınaqlar mərhələsi başa çatdığı iddia olunur. Kütləvi istehsalın başlanması da mümkündür.

Ümumilikdə indiyə qədər sınaqlar zamanı 40 km məsafə də daxil olmaqla 450 dəfə atəş açılıb. Sınaqlar zamanı Türkiyə və Çexiya istehsalı olan 155 mm-lik mərmilərdən, o cümlədən təkmilləşdirilmiş aerodinamikaya malik uzaqmənzilli mərmilərdən və "Excalibur" şirkətinin HE ERFB-BB qurğuşunun imkanlarından istifadə edilir. Təcrübədə aktiv raket mərmisindən istifadə etmədən 42 km məsafədə atəş açmaq imkanı təsdiqlənib.

Taktiki və texniki xüsusiyyətləri

Müxtəlif mənbələrə görə, 2S22 Bogdan özüyeriyən artilleriya qurğusu aşağıdakı xüsusiyyətlərə malikdir:

Çap: 155 mm

Uzunluq: 52 kalibr

Hündürlük bucaqları: +5…+65°

6 mərmi üçün avtomatik yükləyici

Atəş sürəti: dəqiqədə 4-6 dəfə

Sursat ehtiyatı - 20 ədəd

Atəş diapazonu:

minimum: 780 m

maksimum:

- qəlpəli fuqasla: mərmisi: 40-42 km

- aktiv reaktiv mərmi ilə: 50 km

Şassi: KrAZ-63221

Çəkisi: 28 t

Heyəti: 5 nəfər

Sürəti

magistral yolda: 80 km/saat

torpaq yolda: 30 km/saat

Ehtiyat gediş məsafəsi

magistral yolda: 800 km

torpaq yolda: 300 km

Döyüş istifadəsi

Rusiyanın hücumu zamanı naməlum sayda 2S22 "Boqdana" Ukrayna hərbçilərinə təhvil verilib və artıq Ukrayna hərbçiləri ruslara qarşı onlardan istifadə edirlər. "Boqdana" özüyeriyən qurğuları rus qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasında mühüm rol oynayıb.

Nəticə

"Boqdana" qaubitsası ilk dəfə 2018-ci il iyulun 14-də nümayiş etdirilib və həmin il avqustun 24-də Ukraynanın Müstəqillik Günü şərəfinə keçirilən hərbi paradda özüyeriyən toplar iştirak edib. 2019-cu ildə Ukrayna hərbçiləri 155 mm çaplı mərmilərin olmaması səbəbindən özüyeriyən haubitsa sınaqlarını dayandırmışdı. 2021-ci ildə isə Çexiyadan mərmilərin çatdırılmasından sonra sınaqlar bərpa edilib.

Ehtimal olunur ki, "Boqdana" haubitsaları Ukrayna Silahlı Qüvvələri tərəfindən artıq istifadə olunur və onların sayı 100-dən çoxdur. Hazırda real döyüş şəraitində davam edən sınaqlar isə haubitsaların modernləşdirilməsi ilə əlaqədar ola bilər. Ukrayna Müdafiə Nazirliyinin planlarına görə, "Boqdana" özüyeriyən haubitsa Ukrayna Silahlı Qüvvələrinin artilleriya briqadaları silahlanması üçün nəzərdə tutulur. Məlumdur ki, bu özüyeriyən haubitsadan Rusiya qoşunlarının nəzarətində olan zaman Qara dənizdəki İlan adasına zərbələr endirmək üçün uğurla istifadə olunub.

Hazırda isə Ukraynanın "Boqdana" mərmiləri əldə etməkdə problemi yoxdur. Bu isə Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya qarşı daha geniş müqavimət imkanları yarada bilər.

Ədalət Verdiyev, hərbi ekspert