İran od çənbərində: İlk addım atıldı - Böyük hücuma "yaşıl işıq"

İran od çənbərində: İlk addım atıldı - Böyük hücuma "yaşıl işıq"

29 Yanvar 2023 17:27
Bəyəndim (0) Bəyənmədim (0)

“İsrailin İrana raket və kamikadze dronlarla zərbə endirəcəyi gözlənilən idi. Çünki İran nüvə razılaşmasını yerinə yetirmir, İsrail və digər bölgə ölkələrinə, qonşularına təhlükə yaradır, Rusiyaya yüzlərlə kamikadze dronları verməklə Qərbə qarşı açıq cəbhədə iştirak edir”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ötən illər ərzində İsraili İrana qarşı hərbi əməliyyatlardan ABŞ çəkindirib:

“Amma İsrailin Yerusəlim şəhərində sinaqoqa terror hücumu Təl-Əvivin səbr kasasını daşırdı. İran bununla özünü açıq hədəfə çevirdi.

Dünən gecə saatlarında SEPAH-ın qərargahı, “Qüds” briqadasının bazası, sursat və PUA istehsalı müəssisəsi, neft emalı zavodu, silah fabriki, Həmədan və Kərəcdə hərbi bazalar vuruldu. Bu hücumlar İranın hava müdafiə sistemlərinin bir şeyə yaramadığını üzə çıxardı. Əməliyyat o qədər dəqiq və çevik hazırlanmışdı ki, İranın müdafiə sistemləri işə düşməyə macal tapmadı. İşə düşsəydi belə, bununla nəsə əldə edəcəklərini düşünmürəm. Görünür, İsrail əməliyyatdan əvvəl İranın müdafiə sistemlərini kiber müdaxilə ilə söndürə və ya sıradan çıxara bilib”.

İranın İsrailə mümkün cavablarına gəldikdə, Məhəmməd Əsədullazadə bildirib ki, molla rejimi Təl-Əvivə qarşı “Hizbullah” və Fələstindən istifadə edə bilər:

“Görünən budur ki, Rusiya ilə yanaşı, İran da böyük güclərin hədəfindədir. Tehran rejiminin regionda militarist və terroru dəstəkləyən siyasəti, anlaşmanı pozaraq nüvə silahı əldə etmək səyləri, xüsusilə Rusiyaya hərbi dəstək verməsi ABŞ-ın Tehrana qarşı sərt tədbirlərə əl atması ilə nəticələndi. Halbuki ABŞ hökuməti İranla yeni nüvə müqaviləsi imzalamağa hazır olduğunu bildirmişdi.

SEPAH yeni nüvə anlaşmasının əldə edilməsinə imkan vermir. Oyunu pozan da ABŞ-da terror təşkilatı kimi tanınan SEPAH-dır.

Hesab edirəm ki, İsrailin İrana hücumları davamlı olacaq, artıq regionda yeni bir hərbi toqquşmanın başladığını deyə bilərik. Baş verənlərin molla rejiminin əzəli düşmənlərindən biri Talibanı da fəallaşdıracağı istisna deyil. Bu fonda Talibanın fürsət düşən kimi Əfqanıstandan İrana müdaxilə edəcəyini düşünürəm”. Teleqraf.com