ABŞ mediası Zelenskinin Vaşinqtona səfərindən xəbər tutub
Dekabrın 21-də Zelenski müharibə başlayandan bəri ilk dəfə olaraq Vaşinqtona gələcək və burada ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Oxuməni.az xəbər verir ki, Zelenskinin gözlənilməz səfəri fevralın 24-də Rusiya işğalı başlayandan bəri Ukrayna prezidentinin ilk beynəlxalq səfəri olacaq. Ağ Ev mümkün görüşlə bağlı şərh verməkdən rəsmən imtina edib. Ağ Evin təhlükəsizlik xidməti Zelenskinin səfərinə hazırlaşır, çünki Ukrayna lideri Konqresdə çıxış edə bilər. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bütün Konqres üzvlərindən “çərşənbə günü axşam iclasda fiziki olaraq iştirak etməyi” xahiş edib, bu xəbər Pelosinin məktubuna istinadən yayılıb. Amerika mətbuatının daha əvvəl xəbər verdiyi kimi, Ağ Ev bu həftənin sonuna kimi "Patriot" komplekslərin Ukraynaya təhvil verilməsini elan edə bilər. Vaşinqton müvafiq planların hazırlanmasını yekunlaşdırır.
Kiyev artıq bir neçə aydır ki, “Patriot” hava hücumundan müdafiə sistemini ABŞ-dan tələb edir. Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, Vaşinqton, komplekslərin çatdırılması və istismarı ilə bağlı böyük logistik çətinliklərə baxmayaraq, Rusiyanın kütləvi raket atəşlərinin fonunda tələbi təmin etmək qərarına gəlib. Kiçik hava hücumundan müdafiə sistemlərindən fərqli olaraq, "Patriot" sistemləri onlarla insanın çalışmasını tələb edir. Eyni zamanda, onlar hava məkanını ballistik və qanadlı raketlərdən, eləcə də bəzi təyyarələrdən qorumaq üçün ən təsirli uzaq mənzilli vasitələrdən biri hesab olunurlar.
Emin Axund, Oxuməni.az