"Qismən səfərbərlik" QAFQAZI QAYNADIR – Yaxud niyə Dağıstan və Çeçenistan?

"Qismən səfərbərlik" QAFQAZI QAYNADIR – Yaxud niyə Dağıstan və Çeçenistan?

28 Sentyabr 2022 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Hər nə qədər Kreml, müharibənin adını “xüsusi əməliyyat” qoyduğu kimi, ümumi səfərbərliyin də adını “qismən səfərbərlik” qoysa da, əslində nələrin baş verdiyi hamıya kifayət qədər aydındır. Əksər mütəxəssislərin fikrincə, “qismən səfərbərlik”lə rəsmən 300 min nəfərin orduya cəlb olunacağı elan edilsə də, Kremlin planlarında 1 milyona yaxın adamın çağırılması nəzərdə tutulur.

Belə ki, Putin mümkün qədər çox adam toplayaraq, Ukraynanı say üstünlüyü hesabına məğlub və təslim etməyə, ya da ən azından bunun görüntüsünü yaratmağa və Qərbə geri çəkilməyəcəyini göstərməyə çalışır. Ancaq reallıqda hansı sayda və keyfiyyətdə səfərbərliyə nail olunacağı böyük sual doğurur. Artıq səfərbərliyi rusca “mobilizasiya” deyil, “moqilizasiya”, yəni “məzarlaşdırma” kimi ifadə edən şüarlarla qarşılayan bölgələr, hətta paytaxt və digər iri şəhərlər etirazlara qalxır. Bir çox bölgələrdə hərbi komissarlıqlar yandırılır, çağırış məntəqələrinə hücumlar olur. Məsələn, İrkutskda çağırışçılardan biri hərbi komissarı və komisssarlıq işçilərini güllələyib və sair...

Ancaq “qismən səfərbərliyə” qarşı etirazların ən kəskin xarakter aldığı bölgə Şimali Qafqazdır ki, bu da bir çoxları üçün gözlənilməz oldu. Lakin əslində, Ukraynaya “ət maşını”na göndərilməyə qarşı əsas etiraz hüququna malik olan xalqlar məhz Qafqaz xalqlarıdır. Zatən uzun illər, hətta əsrlər boyu Rus imperiyasının repressiyalarına, qətliamlarına məruz qalmış, yurd-yuvalarından didərgin salınmış bu xalqların imperiyanın digər dövlətlərə qarşı bütün savaşlarında qabağa, qırğına verilməsi adət halını alıb. Yəni, bu xalqlar bir tərəfdən Rusiyanın özü tərəfindən məhv edilibsə, digər yandan da başqa dövlətlərə qarşı savaşlarda istifadə olunaraq, qırğına verilib. Bu gün də həmin təcrübədən Ukraynaya qarşı işğalçılıq savaşında istifadə olunur. Deməli, bu xalqlara qarşı repressiyalar bu gün də davam edir və bunu həmin toplumların gerçək ziyalıları, aydınları çox gözəl başa düşür...

Heç kimə sirr deyil ki, bu günə qədər Rusiyanın Ukraynada itirdiyi döyüşçü sayına görə, Dağıstan başda olmaqla, Şimali Qafqaz respublikaları liderdir. Ümumiyyətlə, nəzərə alsaq ki, Dərbənd əhalisinin böyük əksəriyyəti daxil, Dağıstanda çoxlu sayda yerli azərbaycanlılar yaşayır, bunun əslində, bizim də milli maraqlarımıza toxunan məsələyə çevrildiyi qənaətinə gəlmək olar...

Artıq yerli əhali həm küçələrdə, həm də sosial şəbəkələrdə aktiv şəkildə müharibəyə və səfərbərliyə qarşı çıxır, “qismən səfərbərliyi” boykot edir. İnsanlar, məsələn, Həbib Nurməhəmmədov kimi məşhur simaları aktiv olmağa və xalqın etirazlarına qoşulmağa çağırırlar. Bəziləri hətta onu qınayaraq, Maxaçkala küçələrində etirazlara çıxan başı yaylıqlı qadınların Nurməhəmmədov kimilərdən daha cəsarətli və qeyrətli olduqlarını yazırlar.

Nə qədər gözlənilməz olsa da, ilk etirazlar Rusiya əyalət rəhbərləri arasında ən qatı diktator kimi tanınan Ramzan Kadırovun idarə etdiyi Çeçenistanda baş qaldırdı. Çeçenlərin ona olan mənfi münasibətini hamıdan yaxşı bilən Kadırov dərhal bəyan etdi ki, onun rəhbərlik etdiyi respublika səfərbərlikdə iştirak etməyəcək. Çünki Çeçenistan artıq “planı artıqlaması ilə doldurub”.

Məsələ ondadır ki, Moskvanın elan etdiyi “qismən səfərbərlik” Şimali Qafqaz xalqlarının öz aralarında da silahlı qarşıdurma yaranması ehtimalını xeyli artırıb. Məsələn, Çeçenistanın mərhum prezidenti Aslan Masxadovun oğlu deyib ki, Putin Ramzan Kadırova Dağıstandakı etirazları yatırmağı əmr edib. Lakin Kadırov hələ ki, bu əmri yerinə yetirməkdə tərəddüd edir. Zatən Dağıstanla Çeçenistan arasında münasibətlər hər zaman gərgin olub. Xüsusilə də Ramzan Kadırovun hakimiyyəti dövründə Çeçenistan rəhbərliyi tərəfindən dağıstanlıları aşağılamağa yönələn xeyli təxribatçı addımlar atılıb, ərazi iddiaları irəli sürülüb və sair. Odur ki, dağıstanlılar Çeçenistan rəhbərliyinin bu hərəkətlərinə adekvat cavab vermək üçün bəlkə də fürsət axtarırlar və əgər Masxadovun oğlunun dedikləri həqiqətdirsə, Şimali Qafqazda böyük qarşıdurma və xalqlar arasında savaş baş verə bilər. Yeri gəlmişkən, İnquşetiyanın da Çeçenistanla ciddi problemləri var və bu savaşda onların da Qroznıya qarşı çıxacaqları şübhə doğurmur...

Qısas, Putinin Ukraynada başlatdığı savaş tədricən Rusiyanın öz içərilərinə doğru yürüməyə başlayıb ki, bu da mütəxəssislər tərəfindən öncədən proqnozlaşdırılırdı. Hələ ki, proses özünü Şimali Qafqazda daha qabarıq şəkildə biruzə verməyə başlayır. Lakin bu alovun yaxın müddətə Moskva, Sankt-Peterburq və digər iri şəhərlərə də sıçramayacağına heç kim təminat verə bilməz...AzPolitika.info”