İtaliyanın ilk qadın baş naziri: İslam və Türkiyə əleyhdarı, faşist... – Meloninin dosyesi

İtaliyanın ilk qadın baş naziri: İslam və Türkiyə əleyhdarı, faşist... – Meloninin dosyesi

26 Sentyabr 2022 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada dünən keçirilən parlament seçkilərdə radikal sağçıların lideri Corciya Meloni qalib gəldiyini elan edib.

Oxuməni.az xəbər verir ki, 45 yaşlı Meloni bununla İtaliyanın ilk qadın baş naziri olub.

Seçkilərdə qalib gələn İtaliya Qardaşları Partiyasının (FDL) qərargahında mətbuat konfransı keçirən Corciya Meloni artıq məsuliyyəti öz üzərinə götürməyin vaxtının çatdığını deyib:

“Elə bir dövrdəyik ki, tarixin bir parçası olmaq istəyirsinizsə, on milyonlarla insan qarşısında nə cür məsuliyyət daşıdığımızı başa düşməlisiniz. İtaliya bizi seçdi, biz ona heç vaxt xəyanət etməyəcəyik.

İtaliya Qardaşlarının seçkilərdə birinci partiya olması bizim üçün çox şey deməkdir. Bu, bir çoxumuz üçün qürur, göz yaşı, qucaqlaşmaq və xəyallar gecəsidir”.

Seçkilərdə iştirak nisbətinin aşağı olmasından təəssüfləndiyini bildirən Meloni dövlət və vətəndaş münasibətlərini yenidən qurmalı olduqlarını bildirib.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərdə iştirak nisbəti 63.9 faiz olub. Bu, indiyə qədər İtaliyada keçirilən parlament seçkiləri arasında ən aşağı fəallıq göstəricisidir.

Birinci yerdə 26 faizlə İtaliya Qardaşları, ikinci yerdə 19.5 faizlə Demokrat Partiyası (PD), üçüncü yerdə isə 15 faizlə “5 Ulduz” Hərəkatı (M5S) qərarlaşıb.

Meloninin baxış istiqaməti

Demokratiya anlayışını sadəcə seçki qutularındakı bülletenlərlə məhdudlaşdıran Meloni ənənəvi ailə quruluşunu və xristian köklərini qətiyyətlə müdafiə edir. Qaçqın axınının qarşısını almaq üçün Liviyanın dənizdən blokadaya alınmasını təklif edən Meloni abortun da əleyhinədir. Anti-İslam baxışı İtaliyanın yeni baş nazirinin diqqətçəkən xüsusiyyətlərindən biridir. Ölkədəki narkotik tacirləri, oğrular, təcavüzkarlar və mafiyaya görə sol partiyaları günahlandıran Meloni “Bu İtaliya bazar günü başa çatır” mesajını vermişdi.

Meloni həm də Türkiyənin indiki siyasətinə qarşıdır. Xüsusilə Türkiyənin Avropa Birliyinə üzvlük danışıqlarının dayandırılmasının tərəfdarıdır.

Meloni kimdir?

Corciya Meloni 1977-ci il yanvarın 15-də Romada anadan olub. Meloni siyasətçi dostları İqnasiyo La Russa və Qvido Krosetto ilə birlikdə 2012-ci ildə ultrasağçı, neofaşist, millətçi-mühafizəkar İtaliya Qardaşları Partiyasını qurub. Meloni 2014-cü ildə həmin partiyanın sədri olub. Amma həmin il Avropa Parlamentinə seçilməyib.

Corciya Meloni 15 yaşından siyasətlə maraqlanmağa başlayıb. 1998-ci ildə, 21 yaşında Milli Alyans Partiyasının Roma təşkilatının üzvü seçilib, 2002-ci ilə qədər bu vəzifədə qalıb. 2001-ci ilin fevralından 2004-cü ilə qədər Milli Alyansın (Alleanza Nazionale) gənclər hərəkatı olan “Azione Covanni”nin idarə heyətinin üzvü olub. 2004-cü ildə isə bu hərəkatın sədri seçilib.

2012-ci ilin dekabrında “Popolo della Liberta” Partiyasından ayrılaraq Krosetto və La Russa ilə birlikdə İtaliya Qardaşları adlı siyasi partiya qurub. 2017-ci ilin dekabrında Triestdə keçirilən ikinci milli konqresində yekdilliklə yenidən partiya lideri seçilib.

2018-ci il martın 4-də keçirilən seçkilərdən sonra partiyasının parlament üzvlərinin sayı beş dəfə artıb. Partiyası seçkilərdə parlamenntin yuxarı və aşağı palatasında ümumilikdə 50 yer qazanıb. Hazırda Nümayəndələr Palatasının Konstitusiya Məsələləri Komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Meloni 2020-ci il sentyabrın 28-də yekdilliklə Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının (ECR) lideri seçilib.