“Nyu-York Tayms” erməniləri hiddətləndirdi - Şok məqalə

“Nyu-York Tayms” erməniləri hiddətləndirdi - Şok məqalə

20 Sentyabr 15:27
184
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da nəşr olunan “Nyu-York Tayms” qəzetinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı məqaləsi erməniləri hiddətləndirib.

Oxuməni.az xəbər verir ki, Amerikada yaşayan ermənilər Pelosini “Ermənistanın çoxdankı himayədarı” adlandıran nəşrə etiraz etməyə başlayıblar.

“Nyu-York Tayms”a etiraz edənlər arasında ABŞ-da yaşayan erməni əsilli prodüser Erik Esraelyan da var.

Esraelyan məlum məqalənin dərcindən sonra “Nyu York-Tayms” qəzetinə abunəliyini ləğv etdiyini bildirib. O, məqalə müəllifinin Ermənistana yönəlik “sərt ifadələr”ini qəbul etmədiyini deyib.

Bundan əvvəl “Nyu-York Tayms”da “Nensi Pelosi Azərbaycanla qarşıdurma fonunda Ermənistana səfər edib” başlıqlı məqalə dərc olunub. Məqalə müəllifi Şarlotta Qall yazısında Nümayəndələr Palatası sədrini “Ermənistanın çoxdankı himayədarı” adlandırır.

Qall Pelosinin Ermənistanın Azərbaycana qarşı son təxribatından sonra Cənubi Qafqazın bu kiçik ölkəsinə dəstək məqsədilə İrəvana səfər etdiyini bildirir.

Müəllif Pelosinin bu səfərinin əslində Ermənistana dəstəyə yox, noyabrda ABŞ-da Nümayəndələr Palatasına keçiriləcək seçkilərə hesablandığını yazır:

“Bu səfər noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində xanım Pelosinin siyasi addımı kimi qiymətləndirilir. Ofisinin bəyanatında deyilir ki, o, 30 il əvvəl Sovet İttifaqının dağılması ilə müstəqillik qazandıqdan sonra Ermənistana səfər edən ən yüksək rütbəli Amerika rəsmisidir. Onu böyük erməni icmasının yaşadığı Kaliforniyadan olan erməni əsilli amerikalı senatorlar Ceki Speyer və Anna Eşu müşayiət edib.

Xanım Pelosinin rəhbərlik etdiyi qanunverici orqanın “diplomatik əzələləri”ni gücləndirmək üçün etdiyi son cəhdi - bu səfəri Avropada müharibənin qızışdığı vaxta təsadüf edir və bu, Birləşmiş Ştatların uzun müddətdir nüfuz qazanmağa çalışdığı keçmiş sovet imperiyası ətrafında güc balansının dəyişməsinə işarə edir”.

Qall qeyd edir ki, Ermənistan və Azərbaycan arasındakı son qarşıdurma 2020-ci ildə baş vermiş 44 günlük savaşdan bəri ən irimiqyaslı döyüş olub.

“Ermənistanın uzun müddət himayədarı olan Rusiya Ukraynada gözlənilməz ağır müharibə nəticəsində zəiflədi. Azərbaycan sərt şəkildə Paşinyanı mübahisəli ərazilər üzərində Azərbaycanın suverenliyini tanıyan sülh sazişi ilə razılaşmağa sövq etdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra neft və qaz ehtiyatlarının işlənilməsi hesabına zənginləşib, yaxşı təchiz olunmuş ordu qurub. Azərbaycan Ermənistanla tarixən düşmən münasibəti olan NATO üzvü Türkiyə ilə regionda müttəfiqliyini inkişaf etdirməklə yanaşı, Moskva ilə də möhkəm əlaqələr saxlamağa diqqət edir. Türkiyə və Ermənistanın rəsmi diplomatik əlaqələri yoxdur”.

Müəllif bildirir ki, Paşinyan Azərbaycanla sülh sazişi ilə razılaşmaq niyyətində olduğunu bəyan edib, amma belə bir razılaşmanı “xəyanət” adlandıran opponentləri tərəfindən ölkə daxilində güclü təzyiq altındadır.

Pelosinin Ermənistana səfərinə gəldikdə, Şarlotta Qall vurğulayır ki, bu, onun müharibə gərginliyi olan bir bölgəyə ilk səfəri deyil:

“ABŞ hökumətinin üçüncü ən yüksək rütbəli şəxsi olan xanım Pelosi bu yaxınlarda özünü dünyanın ən qızğın münaqişələrinin mərkəzlərinə salmışdı. O, mayda Ukraynanın paytaxtı Kiyevə səfər edib və Prezident Vladimir Zelenski ilə görüşüb, avqustda isə Tayvana səfər edərək Çini hiddətləndirib.

Məqalədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın da fikirlərinə yer verilib.

Amerikalı diplomata görə, Pelosinin Ermənistan səfəri ABŞ-ın mərkəzi hakimiyyəti ilə razılaşdırılmayıb.

“Görünür, spiker Pelosi bu yaxınlarda Tayvana səfəri zamanı olduğu kimi, bu dəfə də hakimiyyətlə sıx koordinasiya olmadan ABŞ Konqresinin “diplomatik əzələləri”ni şişirməyə və ikitərəfli regional münaqişəyə müdaxilə etməyə çalışır”, - Brayza bildirib.